
Hər il Beynəlxalq Ağız və Üz-Çənə Cərrahiyyəsi Günü qeyd olunur və bu əlamətdar gün ağız-üz-çənə cərrahlarının səhiyyə sistemindəki mühüm rolunu bir daha vurğulayır
Bu münasibətlə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Ağız və Üz-Çənə Cərrahiyyəsi kafedrasının təşkilatçılığı ilə geniş elmi tədbir keçirilib.
Tədbiri açan kafedranın müdiri, professor Çingiz Rəhimov iştirakçıları salamlayaraq qeyd edib ki, bu gün təkcə peşə bayramı deyil, həm də ixtisasın elmi, klinik və sosial əhəmiyyətinin cəmiyyətə çatdırılması üçün mühüm platformadır. O vurğulayıb ki, ağız və üz-çənə cərrahiyyəsi həm stomatologiya, həm də tibb elmlərini birləşdirən unikal ixtisasdır. Bu sahə ağız və üz-çənə nahiyəsinin sərt və yumşaq toxumalarının xəstəlikləri, zədələnmələri, anadangəlmə və qazanılmış qüsurları, eləcə də estetik və funksional pozuntularının diaqnostika və müalicəsini əhatə edir. Cərrahiyyə sistemində bu sahə müstəqil ixtisas kimi qəbul olunub. Təəssüf ki, cəmiyyətin bir qismi bu ixtisasın fəaliyyət spektrinin genişliyi barədə tam məlumatlı deyil. İctimai maarifləndirmə isə xəstələrin düzgün mütəxəssis seçiminə və vaxtında tibbi yardıma müraciət etməsinə mühüm töhfə verir.
Ağız və üz-çənə cərrahiyyəsinin əsas fəaliyyət sahələrinə diş cərrahiyyəsi, diş implantasiyası, periodontoloji cərrahiyyə, protezönü cərrahiyyə, diş mənşəli və qeyri-diş mənşəli infeksiyaların cərrahiyyəsi, ağız və üz-çənə nahiyəsinin şiş xəstəlikləri, travmaları, həmçinin üzün rekonstruktiv və estetik cərrahiyyəsi daxildir. Bunlarla yanaşı, gicgah-çənə oynağı patologiyaları, neyrostomatologiya, üz ağrıları və ortoqnatik cərrahiyyə də bu sahənin prioritet istiqamətləridir. Professor bildirib ki, müasir ağız və üz-çənə cərrahiyyəsi sürətlə inkişaf edir. Son illərdə endoskopik və lazer cərrahiyyəsi, mikrocərrahiyyə, distraksiya osteogenezi, əməliyyatların virtual modelləşdirilməsi, naviqasiya ilə aparılan cərrahiyyə, toxuma mühəndisliyi və kök hüceyrə texnologiyalarının tətbiqi sahələrində ciddi nailiyyətlər əldə olunub.
Azərbaycanda bu ixtisasın zəngin tarixi və güclü elmi bazası mövcuddur. Ölkəmizdə ağız və üz-çənə cərrahiyyəsinin banisi professor Gülü Qurbanov hesab olunur. O, II Dünya müharibəsi illərində yaralıların müalicəsində fəal iştirak edib, öz təcrübəsinə əsaslanaraq “Odlu silahla yaralanmalardan sonra üzün yumşaq toxumalarında plastika əməliyyatlarının üsulları” adlı, dünya plastika cərrahiyyəsi klassikasına daxil edilmiş fundamental əsərini təqdim edib.
Ç.Rəhimov çıxışında vurğulayıb ki, Universitetdə akademik fəaliyyət 1956-cı ildə professor Gülü Qurbanovun rəhbərliyi ilə “Cərrahi stomatologiya” kafedrasının yaradılması ilə başlayıb. Bu sahənin formalaşmasında dosentlər Baxış Hüseynov, Cəfərağa Səmədov, professorlar Teymur Babayev, Oqtay Seyidbəyov, Yunus Yusubov və İbrahim Yıldırım kimi görkəmli mütəxəssislərin mühüm xidmətləri olub. Hazırda ATU-nun Ağız və Üz-Çənə Cərrahiyyəsi kafedrasının əməkdaşları elmi yeniliklərin tətbiqi, yüksək ixtisaslı kadr hazırlığı və mürəkkəb cərrahi müdaxilələrin uğurlu icrası ilə milli məktəbin inkişafına mühüm töhfə verir.
2008-ci ildən “üz-çənə cərrahiyyəsi” Səhiyyə Nazirliyinin ixtisaslar siyahısında müstəqil ixtisas kimi yer alıb, 2010-cu ildən isə stomatologiya fakültəsinin məzunları 5 illik rezidentura proqramı vasitəsilə “həkim üz-çənə cərrahı” adını qazanmağa başlayıblar. Hazırda ölkəmizdə 60-dan çox üz-çənə cərrahı və 200-ə yaxın ağız cərrahı fəaliyyət göstərir.
2017-ci ildə Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti (AzOMFS) təsis olunub və yaradıldığı gündən beynəlxalq əməkdaşlığı prioritet istiqamət kimi müəyyən edib. AzOMFS 2018-ci ildə rəsmi olaraq International Association of Oral and Maxillofacial Surgeons (IAOMS) və European Association for Cranio-Maxillo-Facial Surgery (EACMFS) kimi beynəlxalq qurumlar tərəfindən tanınıb. Cəmiyyət tərəfindən 2019-cu ildə Bakı Konqres Mərkəzində 15 ölkənin iştirakı ilə I Beynəlxalq Konqres, 2023-cü ildə 30 ölkədən 80-dən çox nüfuzlu mütəxəssisin iştirakı ilə II Beynəlxalq Elmi-Praktiki Konqres və 2025-ci ildə isə III Beynəlxalq Konqres keçirilib. Azərbaycan mütəxəssislərinin beynəlxalq nüfuzunun göstəricisi olaraq professor Çingiz Rəhimov Dünya Üz-Çənə Cərrahlar Kollecinin I vitse-prezidenti seçilib.
AzOMFS I və II Qarabağ müharibələrində zəngin təcrübə qazanmış üzvlərinin fəal iştirakı ilə hərbi dövrdə yüksək peşəkarlıq nümayiş etdirib. Cəmiyyət humanitar fəaliyyəti ilə də fərqlənərək ukraynalı həmkarlarına osteosintez əməliyyatları üçün 7000 manatdan artıq dəyərdə tibbi dəstək paketi təqdim edib, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar isə qardaş ölkənin müvafiq qurumunun hesabına 5500 ABŞ dolları məbləğində vəsait köçürüb.
Tədbirin sonunda kafedranın professoru Elçin Əhmədov, dosentlər Nigar Sultanova, Fərman Həsənov, Mirvari Əliyeva, İsmayıl Fərzəliyev və Toğrul Əliyev apardıqları elmi-tədqiqat işləri barədə geniş məruzələrlə çıxış ediblər. Elmi toplantıda həmçinin həmçinin Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva da iştirak edib.