
Azərbaycan Tibb Universitetində ana və uşaq sağlamlığı, həmçinin tibb bacılarının davamlı peşə təhsili sahəsində İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) tətbiqi imkanlarına həsr olunmuş tədbir keçirilib
Tədbiri universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Törə Sadıqova açaraq iştirakçıları salamlayıb və Yaponiyanın “Digital Knowledge” Co. Ltd və “Vexon International” şirkətlərinin mütəxəssislərini təqdim edib.
Digital Knowledge Co. Ltd nümayəndəsi Yoshihiro Goyda çıxışında innovativ elektron platformaların tətbiqi, ana və uşaqlar üçün rəqəmsal sağlamlıq kartlarının hazırlanması və kağızsız tibbi idarəetmə sisteminə keçid məsələlərinə toxunub. O bildirib ki, layihənin əsas məqsədi kağız üzərində aparılan ana-uşaq sağlamlıq kitabçalarını elektron formata çevirməkdir. Sistem sayəsində məlumatlar smartfon və kompüter üzərindən rahatlıqla izlənilə və idarə oluna bilər. Y.Goyda əlavə edib ki, bu platforma yalnız hamiləlik və doğuşdan sonrakı dövrü deyil, insanın bütün ömrü boyu sağlamlıq göstəricilərinin izlənməsini təmin edəcək.
Y.Goyda təqdimatda konkret nümunəyə də yer verib. Bildirib ki, hamiləliyin səkkizinci ayında onun həyat yoldaşı qeydlər aparıb. Qeydlərdə dölün sağlamlığının yaxşı, iştahasının artması, lakin sağlam qidalanma ilə tam təmin olunmadığı əks olunub. Bunu dölün normadan iri olması ilə izah edib. Məruzəçi qeyd edib ki, həmin qız hazırda 23 yaşındadır və tibb bacısı ixtisasının 4-cü kurs tələbəsidir.
Daha sonra Vexon International şirkətinin mütəxəssisi Kneji Ichimura tibb bacılarının inkişafı və sertifikasiyası ilə bağlı çıxış edib. O bildirib ki, Azərbaycanda tibb bacıları üçün 5 ildən bir sertifikasiya imtahanları keçirilir və imtihandan əvvəl 1-2 həftəlik təkmilləşdirmə kursları təşkil olunur. K.Ichimura vurğulayıb ki, bu müddət davamlı peşəkar inkişaf üçün kifayət etmir və tibbi personalın gündəlik təhsili vacibdir.
O, tibb bacılarının peşəkar biliklərinin mərhələli şəkildə artırılmasını, nəzəri və praktik təlimlərlə möhkəmləndirilməsini, həmçinin kredit sistemi vasitəsilə sertifikasiyanın davamlı təmin olunmasını əsas prioritetlərdən sayıb.K.Ichimura əlavə edib ki, bu yanaşma yalnız tibbi bilikləri artırmaqla kifayətlənmir, həmçinin səhiyyə xidmətlərinin keyfiyyətini yüksəldir və xəstələrin sağlamlığının qorunmasına xidmət edir.
Mütəxəssis təqdim etdikləri layihənin tibb bacılarının pilləli şəkildə bilik və bacarıqlarının artırılması istiqamətində faydasını izah edib və Yaponiya təcrübəsindən nümunələr göstərib.
Tədbir həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tibb bacılarının peşəkar inkişafı və səhiyyə sisteminin gücləndirilməsi istiqamətində fikir mübadiləsi ilə yekunlaşıb.