Bizi izləyin:
Heydər Əliyev
Heç bir texnologiya həkim şəfqətini və mərhəmətini əvəz edə bilməz

Heç bir texnologiya həkim şəfqətini və mərhəmətini əvəz edə bilməz

Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Lasomedgroup”un dəstəyi ilə Azərbaycan Pediatrlar Assosiasiyasının “Milli Pediatriya Akademiyası-95 il” yubiley layihəsi çərçivəsində “Pediatriyada yeni yanaşmalar və praktiki həllər” mövzusunda növbəti regional konfransı keçirilib.
Tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.
Tədbiri giriş nitqi ilə açan APA sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə regionlarda həkimlərin peşəkar inkişafını hədəfləyən silsilə görüşlərin davamı kimi konfransın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, belə tədbirlər paytaxtla bölgələr arasında elmi təcrübə mübadiləsini gücləndirmək və ən son tibbi innovasiyaları yerli pediatrların təcrübələrində tətbiqinə imkanlar yaratmaq məqsədi daşıyır.

Sonra T.Tağı-zadə “Ailə təbabətində pediatriya: süni intellekt və rəqəmsal səhiyyənin rolu” mövzusunda təqdimatla çıxış edib. Alim vurğulayıb ki, müasir dövrdə rəqəmsal həllər və süni intellekt uşaq xəstəliklərinin erkən diaqnostikasında və fərdi müalicə metodlarının seçilməsində inqilabi rol oynayır. Rəqəmsal səhiyyənin ailə təbabətinə inteqrasiyası pediatrların işini asanlaşdırmaqla yanaşı, tibbi xidmətin keyfiyyətini və əlçatanlığını da artırır. Amma texnologiya nə qədər sürətlə inkişaf etsə də, insan həyatı ilə bağlı son qərar süni intellektə deyil, məhz həkimin özünə məxsus olmalıdır. Çünki heç bir texnologiya həkim şəfqətini və mərhəmətini əvəz edə bilməz. Həkim yalnız diaqnoz qoyan mütəxəssis deyil, eyni zamanda xəstəyə ürəkdən yanaşan, onun hüquqlarını və insani dəyərləri hər şeydən üstün tutan yüksək məsuliyyət daşıyıcısıdır.
Konfransda çıxış edən millət vəkili, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov müasir təbabətdə klinik protokolların tətbiqinin əhəmiyyətindən danışıb. Alim vurğulayıb ki, klinik protokollar müasir səhiyyə sisteminin əsas dayaqlarından biri olmaqla yanaşı, elmi sübutlara əsaslanan və klinik prosesləri standartlaşdıran strateji yol xəritəsi rolunu oynayır.

Tədbirdə R.Mahmudov dünyada ilk dəfə kiçikyaşlı uşaqda eyni vaxtda icra olunan 2 cərrahi əməliyyatın - ürək əməliyyatı və tanınmış cərrah-transplantoloq Mircəlal Kazıminin apardığı qaraciyər transplantasiyası əməliyyatının gedişatına dair videogörüntüləri nümayiş etdirib.
Lənkəran ŞİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva çıxışında bildirib ki, dövlətin yüksək diqqəti nəticəsində şəhərin təhsil və səhiyyə infrastrukturu müasirləşir və bu proses xalqın gələcək rifahına xidmət edir.
Konfransda ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosentləri Ülviyyə Hacıyeva “Müasir dövrdə uşaqlarda pnevmaniyanın diaqnostika və müalicəsində pediatrın çətinlikləri və klinik təhlillər”, Fəxriyyə Məmmədova "Displastik fenotiplər və süni intellekt: imkanlar və səhvlər”, Lalə Hidayətova isə “Bağırsaq və antibiotiklər: sürətli müalicənin bahalı qiyməti” mövzusunda məruzələr oxuyublar. TƏBİB-in nümayəndəsi, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur İmanov “Pediatrik praktikada uşaqlarda kardiopatologiyanın diaqnostik meyarları” adlı təqdimatında erkən diaqnostikanın həlledici rolunu, eyni zamanda praktik tibbdə qarşıya çıxan əsas problemlər və onların effektiv həll yollarını diqqətə çatdırıb.
Tədbirin II sessiyasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin professoru Mireldar Babayev “İrsi hemolitik anemiyalar: Uşaqlarda klinik gedişi” mövzusunda çıxış edib.
“Azərbaycanda uşaqlar arasında respirator infeksiyaların klinik epidemioloji xüsusiyyətləri” adlı təqdimatında tibb üzrə fəlsəfə doktoru, dosent Səbinə Cəfərova ölkə daxilində yayılan respirator infeksiyaların dinamikasını və onların mövsümi xüsusiyyətlərini şərh edib.

Səhiyyə Nazirliyi tərəfindən 12 DTT balı ilə qiymətləndirilən konfransda 150-dən çox səhiyyə mütəxəssisi əyani və onlayn iştirak edib.
Tədbir elmi məruzələrlə davam edib.

 

Paylaş

Dostlarınız ilə paylaşın.