Klinikanın direktoru professor Surxay Musayev iclası açaraq gündəlikdəki məsələlərlə bağlı şura üzvlərini tanış edib. S. Musayev Klinikada çalışan xanım professor-müəllim heyətini və əməkdaşları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə təbrik edib.
Gündəlikdə olan birinci məsələ ilə bağlı baş həkim, dosent Ramin Bayramlı çıxış edib.
O, Klinikanın fevral ayındakı müalicə-diaqnostik fəaliyyəti ilə bağlı hesabatı şura üzvlərinin diqqətinə çatdırıb.
Fevral ayı ərzində klinikanın şöbələrində stasionar və gündüz rejimdə müalicə alan pasiyentlər barədə ətraflı məlumat verən baş həkim, ötən ayla müqayisədə fevral ayında daha çox xəstə qəbul olunduğunu bildirib.
Reanimasiya və İntensiv terapiya şöbəsinin fəaliyyətini xüsusi vurğulayan baş həkim qeyd edib ki, fevral ayında bu şöbəyə çox ağır vəziyyətdə 5 uşaq gətirilmişdi. Onlar ağciyərlərin atelektazı diaqnozu ilə Klinikamıza gətirildi və həkimlərin səyi nəticəsində həmin uşaqlar çox ağır vəziyyətdən çıxarılaraq, müvafiq şöbələrə köçürüldü. Ən müasir imkanlara və peşəkar kadrlara malik uşaq reanimasiya şöbəsinin yaradıldığını vurğulayan baş həkim bildirdi ki, ağciyərlərin atelektazı, pnevmoniya, pnevmotoraks diaqnozları ilə daxil olan və artıq 30 gündür ki, müalicə alan daha bir uşağın vəziyyətində də yaxşılığa doğru çox ciddi irəliləyişlər var, xəstə artıq süni tənəffüsdən ayrılıb. O da həkimlərin qərarı ilə yaxın günlərdə şöbəyə köçürüləcək.
2015-ci ilin fevral ayı ilə müqayisədə xəstələrin sayında azalma müşahidə edildiyini deyən baş həkim onu da qeyd edib ki, Klinikada xəstəlik tarixlərinin təhlilinin aparılması zamanı əslində bu göstəricinin kəmiyyətcə olduğu, xəstələrin ağırlıq dərəcəsinin isə daha geniş profilli olduğu anlaşılır. Klinika ildən-ilə daha ağır xəstələri qəbul edir.
Gündəlikdə olan ikinci məsələ ilə bağlı Universitetin Tədris-Metodik İnnovasiyalar şöbəsinin rəhbəri, professor Akif Qurbanov çıxış edərək tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsindəki yeni meyarlardan söz açıb.
O bildirib ki, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində müəllimlər daha obyektiv və düzgün mövqe nümayiş etdirməli və hazırlanmış innovativ jurnaldan daha çox istifadə etməlidirlər. Bu jurnalla tələbələrin gündəlik bilik səviyyəsi qiymətləndirilərsə, o zaman daha yaxşı nəticələr əldə etmək mümkün olar.
Qiymətləndirmə meyarları haqqında məlumat verən professor qeyd edib ki, bu haqda universitetin saytında da informasiya yerləşdirilib və müəllimlər istədikləri zaman ordan məlumatlar əldə edə bilərlər.
Qiymətləndirmədəki problemləri aradan qaldırmağın yollarından danışan professor, müəllimlərə tələbələri biliyinə uyğun qiymətləndirmələrini və müəyyən edilmiş qaydalara əməl etmələrini məsləhət görüb.
Gündəlikdəki üçüncü məsələ ilə bağlı professor Sədaqət Hüseynovanın çıxışı dinlənilib.
O, Elektromioqrafiya kabinetinin fəaliyyəti barədə danışıb.
S. Hüseynova Elektromioqrafiyanın vəzifələri barədə danışarkən vurğulayıb ki, burdakı müasir komputerləşdirilmə ilə genişdirilmiş müayinə üsullarının sayəsində əzələnin özü haqda geniş məlumat əldə etmək imkanımız var və biz bu sahədə daha böyük uğurlar əldə edəcəyimizə inanırıq.
S. Hüseynova ilk dəfə Klinikada diaqnozu təyin edilən xəstələrə dair maraqlı slaydlar nümayiş etdirib.
Daha sonra qan bankı xidmətinin Klinikanın fəaliyyətindəki rolu barədə Xəyalə Qafarova məlumat verib.
X.Qafarova bildirib ki, qan bankı 2014-cu ilin avqust ayından Universitetin Qan Bankının şöbəsi kimi fəaliyyətə başlayıb.
Klinikanın qan bankında ən müasir cihazlardan istifadə olunduğunu söyləyən X. Qafarova göstərilən xidmətlərdən danışıb, istifadə olunan cihazların sayəsində bütün növ terapevtik prosedurların həyata keçirməyin mümkünlüyünü vurğulayıb.
Klinikada bütün növ qan məhsullarının hazırlanması, həmçinin periferik kök hüceyrənin alınması və saxlanılması üçün hər cür şəraitin yaradıldığı bildirilib.
Çıxışlara yekun vuran direktor S. Musayev bildirib ki, yeni xidmət sahələri Klinikanın imkanları hesabına yaradılıb və bu iş bundan sonra da davam etdiriləcək. Burada ən ümdə məqsədimiz isə əhaliyə keyfiyyətli tibb xidmət göstərməklə yanaşı, yüksək səviyyəli tibbi təhsilə nail olmaq, həkim-mütəxəsislər hazırlamaqdır.
Daha sonra Klinikanın yeni variantda hazırlanmış saytının təqdimatı keçirilib.
Toplantı cari məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.