Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Səfər zamanı iki dövlət arasında bir sıra sahələrdə, həmçinin tibb və təhsil sahəsində önəmli sənədlər imzalanıb.
İldən-ilə beynəlxalq əlaqələrini gücləndirən Azərbaycan Tibb Universiteti ilə Macarıstanın Semmelveis Universiteti arasında anlaşma memorandumu imzalanıb. Saziş Macarıstan nümayəndə heyətinin Azərbaycan baş naziri Artur Rasizadə ilə görüşü zamanı imzalanıb.
Əvvəlcə Azərbaycanın və Macarıstanın Baş nazirlərinin təkbətək görüşü olub. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Azərbaycan tərəfindən görüşdə Tibb Universitetinin rektor əvəzi Sabir Əliyev də iştirak edib.
Artur Rasizadə Viktor Orbanı və başçılıq etdiyi nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycanın və Macarıstanın dost dövlətlər olduğunu vurğulayan A.Rasizadə ölkəmizin bütün sahələrdə Macarıstan ilə əməkdaşlığa önəm verdiyini söyləyib.
Görüşdə Macarıstan nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən baş nazir deyib ki, təcavüzkar siyasətini davam etdirən Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişə indiyədək həll edilməyib. ATƏT-in Minsk qrupunun problemin həlli ilə bağlı vasitəçilik səyləri hələ də heç bir nəticə verməyib.
V. Orban ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Azərbaycanın çətin vəziyyətlə üzləşdiyini xatırladığını deyən Macarıstanın baş naziri bu gün ölkəmizdə sürətli inkişafın şahidi olduğunu vurğulayıb.
Görüşdə iqtisadi, investisiya yatırımı, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sonra müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb. “Macarıstanın Semmelveis Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu”nu Semmelveis Universitetinin rektoru Aqostan Szel və Azərbaycan Tibb Universitetinin rektor əvəzi Sabir Əliyev imzalayıblar.
Anlaşma memorandumuna görə, iki universitet tədris sahəsi, tələbə və rezidentlərin mübadiləsi, təcrübə bölüşməsi üzrə geniş əməkdaşlıq edəcəklər.