Martın 2-də Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının təşkilatçılığı və Rezidentura və magistratura şöbəsinin dəstəyi ilə “Mən bunu necə edirəm?” layihəsi çərçivəsində universitetin rezidentləri və yuxarı kurs tələbələri üçün növbəti seminar keçirilib.
Seminarı AMEA-nın müxbir üzvü, I Cərrahi xəstəliklər kafedrasının müdiri, layihənin rəhbəri, professor Nuru Bayramov açıb. O bildirib ki, “Mən bunu necə edirəm?” layihəsi təcrübəli və qabaqcıl həkimlərin bilik və bacarıqlarını gənc həmkarları ilə bölüşməsi məqsədi daşıyır.
Professorun sözlərinə görə, layihə çərçivəsində ölkənin tanınmış mütəxəssisləri müxtəlif xəstəliklərin müalicəsi və cərrahi əməliyyatların icrası zamanı tətbiq etdikləri praktik yanaşmaları təqdim edirlər: “Bu layihə məhz buna xidmət edir. İndiyədək bu çərçivədə 30-dan çox mühazirə və vebinar təşkil olunub. Bugünkü tədbir isə sayca 32-cidir”.
Professor N.Bayramov qeyd edib ki, təşəbbüsün icrasında universitetin və Tədris Cərrahiyyə Klinikasının tədris bölməsi yaxından iştirak edir. O, layihənin kafedra üzrə əsas icraçılarından biri kimi tibb elmləri doktoru Elman Əzimovun fəaliyyətini də xüsusi vurğulayıb.
Professor bildirib ki, bugünkü seminarın məruzəçisi M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümovdur. O qeyd edib ki, belə səviyyəli mütəxəssislərin hər bir mühazirəsi ciddi hazırlıq və böyük zaman tələb edir:“Bu səviyyəli mütəxəssislər bir mühazirə və ya vebinar üçün həftələrlə hazırlaşırlar, iş qrafiklərindən əlavə vaxt ayırırlar. Mühazirə təqdim etmək özü də kifayət qədər məsuliyyətli və çətin prosesdir”.
Seminarın mövzusunun “Mən qida borusunu laparoskopik necə rezeksiya edirəm?” olduğunu diqqətə çatdıran N.Bayramov əlavə edib ki, Q.Müslümov ölkədə, xüsusilə laparoskopik cərrahiyyə sahəsində təlimlərin təşkilində öncül simalardan biridir və Azərbaycan cərrahiyyəsini beynəlxalq səviyyədə tanıdan mütəxəssislərdəndir.
Daha sonra məruzə üçün söz professor Q.Müslümova verilib. Professor praktikada rast gəlinən və icra edilmiş nadir əməliyyat nümunələrini videoformatda nümayiş etdirərək iştirakçılara ətraflı məlumat verib. O, klinik praktikada nadir anatomik xüsusiyyətlərin cərrah üçün nə dərəcədə əhəmiyyətli olduğunu xüsusi vurğulayıb və qida borusunun laparoskopik rezeksiyası texnikasından bəhs edib.
Q.Müslümov təqdimatında situs inversus totalis hallarına da toxunaraq bildirib ki, bu vəziyyətdə ürəkdən başlayaraq qarın boşluğuna qədər orqanlar normalın tam əks tərəfində yerləşir və belə cərrahi müdaxilələr praktikada xüsusi diqqət tələb edir.
Professor daha bir neçə nadir əməliyyatın icrasını da nümayiş etdirib. O qeyd edib ki, laparoskopik cərrahiyyənin üstünlüklərindən biri cərrahi anatomiyanın böyüdülmüş və daha demonstrativ şəkildə izlənilməsinə imkan yaratmasıdır. Onun sözlərinə görə, bu texnologiya gənc cərrahların anatomiyanı daha dərindən qavramasına mühüm töhfə verir.
Məruzə iştirakçıların böyük marağına səbəb olub. Sual-cavab mərhələsindən sonra seminar öz işini başa vurub.