
Martın 3-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığı Günü ilə əlaqədar tədbir keçirilib
Tədbiri giriş sözü ilə Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian açaraq bu beynəlxalq günün əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd, eşitmə itkisinin qarşısının alınması, qulaq sağlamlığının qorunması barədə məlumatlılığı artırmaq və düzgün qulaq qulluğunu təşviq etməkdir.
Kafedranın assistenti Aynurə Sücəddinova “Eşitmənin sosial əhəmiyyəti və cəmiyyətdəki rolu” mövzusunda məruzə ilə çıxış edərək insan həyatında duyğu orqanlarının hər birinin mühüm yer tutduğunu diqqətə çatdırıb: “Eşitmə qabiliyyəti yalnız fizioloji funksiya deyil, həm də sosial münasibətlərin qurulmasında əsas vasitələrdən biridir. Eşitmə sayəsində insan nitqi qəbul edir, ünsiyyət qurur, bilik əldə edir, təhlükəni hiss edir və mədəniyyətlə əlaqə yaradır. Bu baxımdan eşitmə təkcə bioloji ehtiyac deyil, cəmiyyətin formalaşmasında və inkişafında mühüm rol oynayan sosial amildir. Əvvəla, eşitmə insanın ünsiyyət qurmasının əsas şərtlərindən biridir. Dil və nitq vasitəsilə insanlar düşüncələrini, hisslərini və fikirlərini bir-birinə çatdırırlar. Nitqin qavranılması isə eşitmə ilə birbaşa bağlıdır. Uşaq dünyaya gəldiyi ilk günlərdən etibarən səslərə reaksiya verir və zamanla eşitdiklərini təqlid edərək danışmağı öyrənir. Əgər eşitmə qabiliyyətində problem yaranarsa, bu, nitqin inkişafına da təsir göstərir. Deməli, eşitmə yalnız fərdi inkişaf deyil, sosiallaşma prosesinin də ayrılmaz hissəsidir”.
Eşitmənin həm təhsil prosesində, həm mədəniyyət və incəsənət sahəsində mühüm rol oynadığını, həmçinin təhlükəsizlik baxımından vacibliyini söyləyən A.Sücəddinova, eşitmə qabiliyyətində məhdudiyyət olan şəxslərin cəmiyyətdə ayrıca diqqət tələb etdiyini vurğulayıb: “Eşitmə məhdudiyyətli insanlar işarə dili vasitəsilə ünsiyyət qurur, xüsusi texnologiyalardan istifadə edir və bir çox sahədə uğur qazanırlar. Onların cəmiyyətə inteqrasiyası sosial ədalətin və bərabərliyin göstəricisidir. Dövlət və ictimai təşkilatların bu sahədə gördüyü işlər – tərcümə xidmətləri, subtitrlər, eşitmə cihazlarının təminatı – sosial həmrəyliyin nümunəsidir”.
Onun sözlərinə görə, texnologiyanın inkişafı - eşitmə aparatları, koxlear implantlar, səs gücləndiriciləri və mobil tətbiqlər insanların həyat keyfiyyətini artırır. Bu yeniliklər sayəsində eşitmə məhdudiyyətli şəxslər daha aktiv sosial həyata qoşula bilirlər. Texnologiya yalnız tibbi vasitə deyil, həm də sosial inteqrasiya alətidir. Bununla yanaşı, səsli informasiya sistemlərinin geniş yayılması – podkastlar, audiokitablar, onlayn dərslər – eşitmənin cəmiyyətdəki əhəmiyyətini daha da artırmışdır.
Məruzədə eşitmə məhdudiyyətli şəxslərin hüquqlarının qorunması və onların cəmiyyətə inteqrasiyası məsələlərinə də toxunulub: “Müasir texnologiyalar və inklüziv yanaşmalar sayəsində hər bir fərdin sosial həyatda fəal iştirak etməsi mümkündür. Buna görə də eşitmənin qorunması, bu sahədə maarifləndirmənin aparılması və sosial dəstək mexanizmlərinin gücləndirilməsi cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.
Bundan sonra məruzəyə dair fikir mübadiləsi aparılıb, kafedranın əməkdaşları xəstəliyin ayrı-ayrı simptomları, diaqnostikası və müalicə formalarından söz açıblar.
Kafedranın assisenti Afaq Şadlinskaya insanın eşitmə qabiliyyətini ölçmək ücün obyektiv müayinə üsullarından biri olan audiometriya barədə məlumat verib. Qeyd edib ki, ilk dəfə audiologiya bir elm kimi 1920-ci ildə Schwatrts, 1926 ildə Fletsher tərəfindən öyrənilib, 1951-ci ildə ABŞ-da modern audiometriya cihazı ilə eşitmə müayinəsi aparılıb. Tədris Cərrahiyyə Klinikasında isə 2015-ci ildən audiometriya kabineti qurulub və eşitmə müayinəsi aparılmağa başlanılıb. Bu müayinə üsulu eşitmədə zəifləmə hiss ediləndə, qulaqda küy (tinnitus) olduqda, uşaqlarda danışıq gecikməsi zamanı və səs-küylü mühitdə işləyənlər üçün məsləhət görülür.