Bizi izləyin:
Heydər Əliyev
4 mart Ümumdünya piylənmə ilə mübarizə günüdür

4 mart Ümumdünya piylənmə ilə mübarizə günüdür

Piylənmə və onun kardiometabolik nəticələri, epidemioloji tendensiyalar   

         Piylənmə müasir dövrün aktual tibbi-sosial problemlərindən biri kimi qiymətləndirilir. Son illər beynəlxalq elmi ədəbiyyatda dərc olunan genişmiq­yas­lı materiallar piylənmənin qlobal səviyyədə sabit artım dinamikası nümayiş et­dir­diyini göstərir. Tədqiqatlarda uşaqlar arasında izafi çəki və piylənmənin son iki onillikdə ardıcıl yüksələn xətlə getdiyi və bir çox regionlarda yayılmanın yüksək səviyyədə qaldığı vurğulanır. Davamlı artıq çəki dinamikasının yetkinlik dövründə hipertoniya riskini artırdığı sistematik icmal və meta-analizlərdə təsdiqlənir. Bu dəlillər profilaktik yanaşmaların erkən yaşlardan bədən çəkisinin idarə olunmasına yönəldilməsinin və piylənmənin ağırlaşmalarının qarşısının alınmasında mərhələli nəzarətin vacibliyini elmi baxımdan əsaslandırır.  

      Artıq bədən çəkisi və piylənməni yalnız ayrıca risk faktoru kimi deyil, metabolik pozğunluqların kompleksini formalaşdıran əsas patogen baza kimi qiymətləndir­mək olar.

        Piylənmənin klinik əhəmiyyəti onun bir sıra xəstəliklər üçün aparıcı endogen zəmin yaratması ilə daha aydın görünür. Xüsusilə, arterial hipertenziyanın formalaşmasında piylənmə əsas patogen amillərdən biri kimi təqdim olunur və bu əlaqə klinik-epidemioloji səviyyədə ardıcıl şəkildə təsdiqlənir. Piylənmə fonunda hemodinamik yüklənmənin artması, damar tonusunun tənzimlənməsinin pozulması və metabolik dəyişikliklərin dərinləşməsi arterial təzyiqin yüksəlməsi üçün əlverişli mühit yaradır. Bu baxımdan hipertoniya bir çox hallarda piylənmənin uzunmüddətli nəticəsi kimi çıxış edir və piylənmənin idarə olunması hipertoniya riskinin azaldılmasında əsas istiqamətlərdən biri hesab edilir.

         Piylənmənin epidemioloji yükü uşaq və yeniyetmələrdə artım tempi ilə diqqət çəkir. Müasir məlumatlara əsasən, piylənmənin uşaqlar arasında yayılmasının 1970-ci illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması qeyd olunur. Bu artım piylənmənin erkən yaşlardan başlayaraq sağlamlıq üzrə dinamikanı dəyişdirdiyini və həyat boyu davam edə bilən metabolik və kardiovaskulyar risk profilini formalaşdırdığını göstərir. Uşaq yaşlarında piylənmənin yaranması sonrakı dövrlərdə həm bədən çəkisinin davamlı artımı, həm də bu artımın doğurduğu klinik nəticələrin erkən manifestasiyası ilə xarakterizə olunur.

       Məktəb yaşlı uşaqlar və yeniyetmələr arasında piylənmənin artımını şərtləndirən mühüm mexanizmlər müasir həyatın intensivləşməsi ilə əlaqələndirilir. Tədris yükünün artması, informasiya gərginliyi, kompüterləşmə və oturaq həyat tərzinin genişlənməsi fiziki aktivliyin azalmasına gətirib çıxarır. Eyni zamanda qeyri-rasional qidalanma vərdişlərinin formalaşması enerji balansının pozulmasını dərinləşdirir və izafi bədən çəkisinin, daha sonra isə piylənmənin inkişafını sürətləndirir. Bu kontekstdə fiziki aktivliyin azalması piylənmənin inkişafında aparıcı davranış determinantı kimi çıxış edir və piylənmənin formalaşması ilə nəticələnən səbəb zəncirinin əsas komponentlərindən biri kimi dəyərlənləndirilir.

           Beləliklə, piylənmə həm epidemioloji miqyas, həm də patogen təsir mexanizmləri baxımından digər xəstəliklərin yaranması üçün baza yaradan aparıcı determinant kimi çıxış edir. Hipertoniya və digər metabolik pozğunluqlar bir çox hallarda piylənmənin davamı və nəticəsi kimi formalaşır. Bu səbəbdən profilaktika və nəzarət strategiyalarında əsas vurğu piylənmənin qarşısının alınmasına, erkən yaşlardan sağlam qidalanma vərdişlərinin formalaşdırılmasına və fiziki aktivliyin artırılmasına yönəldilməlidir. Bu yanaşma yalnız piylənmənin deyil, onun nəticəsi kimi inkişaf edən kardiometabolik və digər patoloji vəziyyətlərin yükünün də azaldılmasına xidmət edəcək.

İlahə İslamzadə,

Qidalanma və tibbi ekologiya kafedrasının baş müəllimi

Paylaş

Dostlarınız ilə paylaşın.