Azərbaycanda urologiya sahəsi günü-gündən inkişaf etməkdədir. Artıq Avropalı mütəxəssislər də bu sahədə Azərbaycanlı həmkarları ilə iş birliyi qururlar.
Mirqasımov adına Azərbaycan Uroloqlar Assosiasiyası son iki ay ərzində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında silsilə tədbirlər keçirir.
Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında Assosiasiyanın yekun toplantısı baş tutdu. Keçirilən tədbirdə 40-dan çox uroloq iştirak edirdi. Tədbirə urologiya kafedrasının müdiri, Azərbaycan Uroloqlar Cəmiyyətinin sədri, Akademik Südeyf İmamverdiyev və tibb elmləri doktoru, professor, əməkdar həkim Kamal Abdullayev sədrlik edirdi.
Tədbirdə sidik axarı- ləyən seqmentində və böyrəyin hidronefrozunda plastik əməliyyatlar zamanı aparılan müdaxilələrin effekti və alınan nəticələr, o cümlədən ayrı-ayrı klinikalarda bu tipli əməliyyatların aparılma qaydaları haqqında müzakirələr aparıldı.
Tədbirdə uroloq Bəhruz Ağayev hidronifroz zamanı aparılan müxtəlif tipli əməliyyatlar, ləyən-sidik axarı seqmentinin dağılması zamanı aparılan plastik əməliyyatlar, o cümlədən Anderson Haynes üsulu ilə plastik əməliyyatların nəticələri haqqında məruzə etdi. Məruzələr həkimlər tərəfindən maraqla qarşılandı.