
Azərbaycan Tibb Universitetinin (ATU) Terapevtik Stomatologiya kafedrasında Türkiyədən dəvət olunmuş tanınmış stomatoloq, professor Bülent Kurtişlə görüş keçirilib. Görüş ATU-nun Tədris Stomatoloji Klinikasında baş tutub.
Tədbirdə çıxış edən fakültə dekanı, dosent Elmira Əliyeva belə görüşlərin tələbələr üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, stomatologiya sahəsində beynəlxalq təcrübə mübadiləsinin vacibliyindən danışaraq xarici praktikaların gənc mütəxəssislərin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Terapevtik Stomatologiya kafedrasının müdiri, dosent Vaqif Həsənov isə qonaq professorun Türkiyədə və beynəlxalq stomatologiya ictimaiyyətində tanınmış mütəxəssislərdən biri olduğunu bildirib. O, həmçinin ATU ilə Qazi Universiteti arasında mövcud olan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, professor Bülent Kurtişin həyat yoldaşı, uşaq stomatoloqu Burçin Kurtiş də görüşdə iştirak edir.
Professor Bülent Kurtiş periodontologiya və implantologiya sahəsində ixtisaslaşmış mütəxəssisdir və bu istiqamətdə uzun illər elmi-praktik fəaliyyət göstərir. Görüş çərçivəsində o, tələbə və həkim-rezidentlər üçün mühazirə oxuyaraq stomatologiyada müasir müalicə üsulları və beynəlxalq təcrübə barədə məlumat verib. Professor həmçinin iştirakçıların suallarını cavablandırıb və gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.