Azərbaycan Tibb Universitetinin (ATU) II Mamalıq-ginekologiya kafedrasının əməkdaşları Roma şəhərində keçirilən, International Society of Gynecological Endocrinology (ISGE) təşkilatının 40 illik yubileyinə həsr olunan konqresdə iştirak ediblər.
Konqresdə kafedranın əməkdaşları müxtəlif mövzularda elmi təqdimatlarla təmsil olunublar. Professor Şəymən Həsənli “Erkən hamiləlikdə fibrinoid nekrozun cərrahi müalicəsi: iki klinik hal haqqında” mövzusunda poster məruzə ilə iştirak edib. Professor Nigar Kamilova “Postmenopozal dövrdə Azərbaycan qadınlarında menopauzanın genitoüriner simptomlarının endokrin determinantları: əhalinin xüsusiyyətləri nəzərə alınmaqla aparılmış gecikmiş analiz” mövzusunda məruzə təqdim edib.
Kafedranın assistenti Nərzig Şamsadinskaya “Sonsuzluğun gizli nəticələri: qadınlarda FSFI və Zung şkalası ilə qiymətləndirilən cinsi disfunksiya və narahatlıq” mövzusunda təqdimatla çıxış edib. Baş laborant Vüsalə Tağıyeva isə “PV ilə əlaqəli patologiyası olan qadınlarda cinsi davranış və yüksək riskli HPV genotipləri arasında əlaqə” və “Yüksək riskli HPV ilə əlaqəli servikal intraepitelial lezyonları (hr-HPV) olan xəstələrin müalicəsinə fərqli yanaşma” mövzularında təqdimatlar edib.
Qeyd edək ki, bu əlamətdar tədbir dünyanın müxtəlif ölkələrindən həkim və alimləri bir araya gətirən mühüm elmi platformadır. Konqres çərçivəsində ən müasir elmi təqdimatlar səsləndirilib, maraqlı və dinamik müzakirələr aparılıb, həmçinin iştirakçılar üçün peşəkar inkişaf baxımından dəyərli imkanlar yaradılıb.
Tədbir ginekoloji endokrinologiya sahəsində son yeniliklərin öyrənilməsi və elmi təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edib.