Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Dünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Konfransda Azərbaycan Tibb Universitetinin rektor əvəzi, professor Sabir Əliyev, Tədris Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev, bütün hemodializ mərkəzlərinin və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nefrologiya kafedrasının əməkdaşları, terapevtlər və transplantoloqlar, həmçinin bu sahə ilə maraqlanan mütəxəssislər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan ATU-nun rektor əvəzi, professor Sabir Əliyev böyrək xəstəliyinin Azərbaycanda da geniş yayıldığını bildirib.
O qeyd edib ki, hər il bütün dünyada olduğumu kimi ATU-nun Tədris Terapevtik Klinikasında Dünya Böyrək günü qeyd olunur.
Prezident İlham Əliyevin böyrək patalogiyası ilə bağlı xüsusi diqqət və qayğısının olduğunu vurğulayan professor S. Əliyev bu sahəyə böyük vəsait ayrıldığını və burda ölkənin ən qabaqcıl mütəxəssisləri hazırlandığını diqqətə çatdırıb.
S. Əliyev bildirib ki, böyrək transplantasiyasında da ölkəmiz bir çox uğurlara imza atıb. Mən hesab edirəm ki, böyrək patalogiyasının öyrənilməsi və müalicə üsulların aşkar edilməsi olduqca vacib və aktual məsələlərdən biridir.
Daha sonra akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycanda böyrək əvəzedici terapiyanın 2015-ci il registri” mövzusu ilə çıxış edib.
“Artıq 2006-cı ildən başlayaraq Amerika Nefroloji Assosiasiyası və Beynəlxalq Böyrək Fondunun təklifi ilə hər il mart ayının ikinci həftəsinin dördüncü günü Səhiyyə Nazirliyinin Baş Nefroloqu, ATU-nun TTK-nın Efferent Terapiya Mərkəzinin müdiri, Terapevtik və Pediatrik Propedevtika kafedrasının professoru Mehman Ağayevin təşkilatçılığı və rəhbərliyi ilə ÜBG qeyd olunur və elmi praktik konfrans keçirilir.
Bu ənənə Azərbaycanda da davam etdirilir və bu təqdirəlayiq bir haldır.
Hər il bu tipli tədbirin keçirilməsi ölkəmizin səhiyyə sahəsində və eləcə də yaxşı kadrların hazırlanmasında çox mühüm əhəmiyyət kəsb edir.
ÜBG-nün keçirilməsinin məqsədi səlahiyyətli səhiyyə orqanlarının, digər klinik ixtisas mütəxəssislərinin, himayədarlığa meyilli olan imkanlı insanların, ümumiyyətlə bütün əhalinin diqqətini böyrək xəstəliklərinin erkən aşkar olunmasına, müasir müalicə vasitələrin tətbiq olunmasına və profilaktik tədbirlərinin təşkil olunmasına yönəltməkdir”.
F. Babayev qeyd edib ki, bu gün Azərbaycanda əsasən hansı xəstəliklərin böyrək çatışmazlığına səbəb olma halları araşdırılır.
“Bu gün Azərbaycanda xroniki böyrək çatışmazlığından 2842 nəfər əziyyət çəkir. Xroniki böyrək çatışmazlığı uzun sürən böyrək xəstəliyi nəticəsində əmələ gəlir.
Ölkəmizdə fəaliyyət göstərən hemodializ mərkəzlərindən danışan F. Babayev bildirib ki, son illərdə hemodializ mərkəzlərinin sayı artıb. Bu gün 34 hemodializ mərkəzi fəaliyyət göstərir ki, onlardan 8-i Bakı şəhərində, 26-ı isə Azərbaycanın regionlarındadır. Dializ xəstələrinin sayına gəlincə onlardan 1138-i Bakıda, 1704-ü regionlarda müalicə alırlar”.
F. Babayev xüsusi olaraq onu da diqqətə çatdırıb ki, ölkə üzrə indiyədək 611 böyrək transplantasiyası əməliyyatı aparılıb. Ötən il isə 93 xəstəyə böyrək köçürülüb. Bunun 81-i Mərkəzi Neftçilər Xəstəxanasının payına düşür.
Kadr çatışmazlığı məsələsinə toxunan F.Babayev bu problemin səhiyyə sahəsində ən qabaqcıl məsələ kimi həllinə yönəlik tədbirlər görülməsinin lazım olduğunu diqqətə çatdırıb.
Konfransda, həmçinin “Uşaqlarda sidik yolları infeksiyasının müasir müalicə taktikası”, “Böyrək əvəzedici terapiya alan xəstələrdə arterial hipertenziyanın müalicəsi”, “Renal anemiya müalicəsinə müasir baxış”, “HCV-nin müasir qeyri-interferon müalicə sxemi”, Periton dializinin BXX-nin müalicəsində yeri və perspektivləri” mövzularında elmi məruzələr dinlənilib.