
Azərbaycan Tibb Universitetində “5 Mart - Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş kamandan oxatma üzrə yarış keçirilib
Turnir ATU-nun “Təbib” Tədris-İdman Mərkəzi və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, həmçinin Azərbaycan Kamandan Oxatma Federasiyasının dəstəyi ilə təşkil olunub.
Universitetin tələbə və əməkdaşları arasında keçirilən idman tədbirində ümumilikdə 67 nəfər iştirak edib ki, onlardan 34-ü kişi, 33-ü isə qadın olub. Yarışın əsas məqsədi kollektivin idmana marağını artırmaq, iştirakçılar arasında sağlam rəqabət mühiti yaratmaq və kamandan oxatma üzrə bacarıqları nümayiş etdirməkdir.
Olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda iştirakçılar dəqiqlik, diqqət və iradə tələb edən bu idman növündə öz məharətlərini göstərərək qalibiyyət uğrunda mübarizə aparıblar. Yekun nəticələrə əsasən, kişilər arasında Əliyev Səfər 48 xalla I yerə, Abdullayev Toğrul 46 xalla II yerə, Eisa Balazadeh isə 45 xalla III yerə layiq görülüb. Qadınların mübarizəsində isə Məmmədova Aysel 45 xalla I, Bagherian Paria 44 xalla II, Cavadzadə Diana 43 xalla III yerin qalibi olublar.
Qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sirac Axundov və “Təbib” Tədris-İdman Mərkəzinin müdiri Qələndər Aslanov tərəfindən medal və diplomlarla təltif olunublar. Mükafatçıları təbrik edən rəsmilər onlara növbəti yarışlarda uğurlar arzulayıblar. Bağlanış mərasimində, həmçinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yarışda iştirak edən qadınlara gül dəstələri təqdim olunub. Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə xoş əhval-ruhiyyədə başa çatıb.