.jpeg)
Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq əlaqələrini və qlobal akademik əməkdaşlıqlarını uğurla davam etdirir.
Bu istiqamətdə, ATU-nun Farmakologiya kafedrasının müdiri, dosent Kamandar Yaqubov, kafedranın dosentləri Gülbəniz Hüseynova, Aydın Əliyev və Patofiziologiya kafedrasının dosenti Sevinc Hacıyeva Atatürk Universitetinə rəsmi səfər ediblər. Səfər zamanı nümayəndə heyəti Atatürk Universitetinin rektoru, professor Ahmet Hacımüftüoğlu ilə görüşüb. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, eləcə də tibb sahəsində fənlərarası araşdırmaların təşviqi kimi mühüm məsələlər müzakirə olunub.
Məhsuldar və qarşılıqlı etimad şəraitində keçən görüşdə, xüsusilə farmakologiya və patofiziologiya sahələrində birgə elmi fəaliyyətlərin əhəmiyyəti vurğulanıb. Tərəflər beynəlxalq qrant proqramlarında birgə iştirakın təmin edilməsi, innovativ tibbi tədqiqatların həyata keçirilməsi və davamlı akademik tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində razılığa gəliblər.
Qeyd olunub ki, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi Azərbaycan Tibb Universiteti üçün tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi və elmi potensialın gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Görüş gələcək birgə layihələrin həyata keçirilməsi ilə bağlı müsbət gözləntilərlə başa çatıb.