

Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının doktorantı, Respublika Pediatriya Mərkəzinin Uşaq Nevroloji Xəstəxanasının baş həkimi İlahə Hacıyeva Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş “Sinir-əzələ xəstəlikləri” adlı beynəlxalq tibbi konfransda iştirak edib.
Tədbirdə Qazaxıstan, Özbəkistan, Polşa və Gürcüstandan olan nümayəndələr, eləcə də Avropanın sinir-əzələ xəstəlikləri üzrə tanınmış mərkəzlərinin təmsilçiləri tərəfindən bu sahədə əldə olunan nailiyyətlər təqdim olunub və müzakirə edilib.
Konfrans çərçivəsində İlahə Hacıyeva Nevrologiya kafedrasında Düşenn əzələ distrofiyası olan pasiyentlərin registrinin yaradılması istiqamətində aparılan işlərin nəticələrinə dair məruzə ilə çıxış edib. Eyni zamanda, həmin pasiyent qrupunda Uşaq Nevroloji Xəstəxanasında həyata keçirilən reabilitasiya tədbirlərinin nəticələridə iştirakçıların diqqətinə çatdırılıb.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxış zamanı sinir-əzələ xəstəlikləri sahəsində erkən diaqnostika, pasiyent registrinin formalaşdırılması və reabilitasiya xidmətlərinin əhəmiyyəti bir daha vurğulanıb.
