
Martın 12-də Azərbaycan Tibb Universitetində yuxarı kurs tələbələri, magistrantlar və rezidentlərlə görüş keçirilib
ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov əvvəlcə görüş iştirakçılarına universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb. Bildirib ki, hörmətli rektor iştirakçıları bu gün təqdim olunacaq mühüm yenilkilərə bağlı təbrik edir. Prorektor qeyd edib ki, ölkəmizdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara edilən son dəyişikliklərlə əlaqədar bir sıra yeniliklər qüvvəyə minib: “Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin Tibb Xidmətinin rəisi, tibb polkovniki Anar İsmayılov, Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini, Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər sahəsi üzrə fəlsəfə doktoru, general-mayor Arif Həsənov və Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev məlumat verəcəklər”.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki Anar İsmayılov bildirib ki, görüşün əsas məqsədi dövlət rəhbərliyinin həkimlərə göstərdiyi yüksək etimadı tələbələrə çatdırmaq və son vaxtlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklər barədə onları məlumatlandırmaqdır: “Əvvəllər ali təhsili olan şəxslər bir il, ali təhsili olmayanlar isə bir il altı ay hərbi xidmət keçirdi. Həkim ixtisası üzrə məzun olanlar da əsgər kimi xidmət edir, ən yaxşı halda sanitar-təlimatçı vəzifəsində çalışır və xidmətin sonunda əsgər rütbəsi ilə ehtiyata buraxılırdılar”.
A.İsmayılov qeyd edib ki, bu vəziyyət həkimlərin peşə biliklərindən tam istifadə olunmasına imkan vermirdi. Buna görə də Müdafiə Nazirliyinin Tibb Xidməti tərəfindən yeni təkliflər hazırlanaraq təqdim edilib:“Biz hesab edirdik ki, həkimlər bir il və ya bir il altı ay müddətində sadəcə əsgər kimi xidmət etmək əvəzinə, birbaşa öz peşələri üzrə fəaliyyət göstərməlidirlər. Bu həm dövlət, həm də ordu üçün daha faydalı olar”.
Onun sözlərinə görə, təqdim olunan təkliflər yüksək səviyyədə dəstəklənib və qısa müddətdə qanunvericiliyə müvafiq dəyişikliklər edilib: “Yeni qaydalara əsasən, məzunlar əvvəlcə Milli Müdafiə Universitetinə göndəriləcəklər. Burada onlar qısa müddətli zabit hazırlığı kursu keçəcəklər. Bir aylıq hazırlıq kursundan sonra məzunlara leytenant hərbi rütbəsi veriləcək və onlar bir il müddətində zabit kimi xidmət edəcəklər. Bu dövrdə onlar maaş alacaq və bütün zabitlərin malik olduğu hüquq və təminatlardan yararlanacaqlar. Xidmət müddəti başa çatdıqdan sonra gənc həkimlər öz seçimlərinə uyğun olaraq ya kadr zabit kimi xidmətlərini davam etdirə, ya da ehtiyata buraxıla bilərlər”.
Polkovnikin bildirdiyinə görə, xidmət başa çatdıqdan sonra əldə olunan leytenant rütbəsi gələcəkdə digər xüsusi rütbəli dövlət qurumlarında işləmək üçün də əlavə imkanlar yaradır.
A.İsmayılov əlavə edib ki, yeni sistemdə ərazi prinsipi də nəzərə alınacaq. Bu isə gənc həkimlər üçün əlavə rahatlıq yaradacaq:“Ərazi prinsipinə riayət olunacaq. Məsələn, Şəmkirdə yaşayan bir həkim xidmətini davam etdirmək istəsə, onun həmin bölgədə işlə təmin olunmasına çalışacağıq. Bu da əlavə yaşayış və məskunlaşma problemlərinin qarşısını alacaq və xidmətin daha rahat keçməsinə imkan yaradacaq”.
Sonra Milli Müdafiə Universitetinin rektorunun müavini Arif Həsənov çıxış edib. O bildirib ki, görüşün əsas məqsədi ölkədə insan kapitalına verilən yüksək dəyər barədə tələbələri məlumatlandırmaqdır.
Onun sözlərinə görə, indiyədək ali təhsil almış gənclər də digər vətəndaşlar kimi ümumi qaydada hərbi xidmətə çağırılır və bir il müddətində müxtəlif vəzifələrdə xidmət edirdilər:“Bu xidmət dövründə onların ixtisasına uyğun imtiyaz və ya xüsusi yanaşma nəzərdə tutulmurdu. Lakin ölkəmizdə insan kapitalının daha səmərəli istifadəsi məsələsi daim diqqət mərkəzində saxlanılır”.
A.Həsənov bildirib ki, edilmiş dəyişikliklərin əsas məqsədi ali təhsilli, xüsusilə də tibb sahəsində yüksək hazırlığa malik gənclərin bilik və bacarıqlarından daha səmərəli istifadə etməkdir:“Yeni yanaşmaya əsasən ali təhsilli həkimlərin hərbi xidmət dövründə məhz öz ixtisasları üzrə fəaliyyət göstərmələri üçün hüquqi baza yaradılıb. Bu gün məqsəd ondan ibarətdir ki, yüksək ixtisaslı gənclər hərbi xidmət zamanı da öz peşələri üzrə fəaliyyət göstərsinlər. Beləliklə, həm dövlət, həm ordu, həm də gənc mütəxəssislərin özləri bundan fayda əldə etmiş olacaq”.
General-mayorun sözlərinə görə, əsgərlər üçün ilkin hazırlıq kursu təxminən 45 gün davam edir. Həkimlər üçün isə adaptasiya və hazırlıq kursu təxminən bir ay müddətində keçiriləcək. Bu müddətdə onlar hərbi intizam qaydaları, silahdan istifadə, hərbi etik davranış, həmçinin hərbi tibb xidmətində tətbiq olunan sənədləşmə və tibbi qeydiyyat qaydaları ilə tanış olacaqlar:“Leytenant rütbəsi aldıqdan sonra onlar zabit statusu ilə xidmət edəcək, aylıq maaş alacaq və hərbi tibb müəssisələrində öz ixtisasları üzrə fəaliyyət göstərəcəklər”.
A.Həsənov çıxışında bildirib ki, yeni tətbiq olunan sistem gənc həkimlərin sosial təminatını da nəzərə alır. Onun sözlərinə görə, hərbi xidmət dövründə zabit kimi fəaliyyət göstərən həkimlər üçün yaşayış və sosial məsələlər dövlət tərəfindən təmin edilir:“Əgər hərbi xidmətə cəlb olunan həkim ailəlidirsə və kirayədə yaşayırsa, onun mənzil kirayəsi dövlət tərəfindən ödənilir. Məsələn, Gəncədə xidmət edən və ailəsi ilə birlikdə yaşayan bir həkim kirayə mənzildə qalarsa, həmin kirayə haqqı dövlət tərəfindən qarşılanır”.
Tədbir sual-cavablarla yekunlaşıb. Çıxış edənlər və o cümlədən tibb xidməti polkovniki Məharət Rzayev, tələbələri maraqlandıran sualları ətraflı şəkildə cavablandırıb.