

Azərbaycan Tibb Universiteti (ATU) tələbələri tərəfindən hazırlanmış elmi tədqiqat beynəlxalq səviyyəli nüfuzlu sarkoma konfransında qəbul edilib
Tədqiqat ATU-nun Beynəlxalq işlər üzrə prorektoru, Sitalogiya, Embriologiya, Histologiya kafedrasının dosenti Orxan İsayevin elmi rəhbərliyi ilə həyata keçirilib. Elmi işin müəllifləri Meysam Ghanbari Saray, Matin Ghods, Minhaalu Hassan Ali, Mostafa Alboghobeish və Sina Seyyedhamzehdir.
“Deep learning-driven discovery of a novel miRNA signature for prognostic stratification and therapeutic targeting in sarcoma” adlı tədqiqat süni intellekt və dərin öyrənmə metodlarından istifadə etməklə sarkoma xəstəliyində yeni miRNA biomarkerlərinin müəyyənləşdirilməsi, xəstəliyin proqnostik qiymətləndirilməsi və hədəflənmiş müalicə imkanlarının araşdırılmasına həsr olunub.
Tədqiqatın nəticələri İsveçrənin Lugano şəhərində keçiriləcək beynəlxalq Sarcoma konfransında təqdim olunacaq. Konfrans onkologiya sahəsində dünyanın aparıcı elmi təşkilatlarından biri olan European Society for Medical Oncology tərəfindən təşkil edilir və müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirir. Eyni zamanda qəbul olunmuş abstrakt onkologiya sahəsində nüfuzlu Q1 kateqoriyalı beynəlxalq elmi jurnal olan ESMO Open jurnalında dərc olunaraq onlayn şəkildə yayımlanacaq.
