Dövlət Tibb Universiteti Azərbaycan üçün yüksək ixtisaslı peşəkar həkimlərin hazırlanması istiqamətində fəaliyyətini davam etdirir. Bu gün universitetin klinikalarında tədrislə yanaşı, həm də xarici mütəxəssislərin iştirakı ilə təlim və seminarlar, master-klasslar təşkil olunur.
Bu günlərdə ATU-nun Tədris Terapevtik Klinikasında Fizioterapiya və İdman təbabəti kafedrasının həkim-rezidentləri üçün maqnit terapiyası və fototerapiya ilə bağlı semnar təşkil olunub. Tədbirdə keçirilən rezident-həkimlərdən Çinarə Hacıyeva “Maqnitoterapiyanın fizioloji və müalicəvi təsir mexanizmləri. Müxtəlif növ maqnit sahələrinin fiziki xassələrinə görə klinikada tətbiqi”, Mətanət Mustafayeva isə “Fototerapiyanın təsnifatı və müalicəvi təsiri” haqqında geniş məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, ATU-nun Tədris Terapevtik Klinikasında davamlı olaraq Fizioterapiya və Tibbi bərpa ixtisası üzrə rezident-həkimlər üçün kafedradaxili seminarlar təşkil olunur. Fizioterapiya və İdman təbabəti kafedrasının müdiri, ə.e.x professor Əlişir Musayevin sözlərinə görə, seminarın keçirilməsində əsas məqsəd gənc kadrların hazırlanması, zəruri bilik və bacarıqların aşılanmasında onlara yardımçı olmaqdır.
Bu tədbirlərdə kafedra rəhbərliyi və əməkdaşları - dos. Paşa Mehdiyev, t.ü.f.d ass Nurlana Əliyeva, ass Vaqif Süleymanov, dos. Sədaqət Quliyeva, ass. Elmira Əhmədova çıxış edərək öz təcrübələrini bölüşür, bu və ya digər mövzu ilə əlaqədar rezidentləri maraqlandıran sualları cavablandırırlar. Seminarların mövzusu rezidentlərin təklifləri əsasında müəyyənləşdirilir.