Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında növbəti dəfə nadir rast gəlinən Sekundum ASD (Atrial Septal Defekt)-nin qapalı yolla müalicəsi uğurla həyata keçirilib.
Qeyd edək ki, məhz bu tip əməliyyatlar ancaq ATU-nun Tədris Cərrahiyyə Klinikasında yerli mutəxəssislər tərəfindən aparılır.
Sekundum ASD (Atrial Septal Defekt) - Qulaqcıqlararası Çəpərin İkincili defekti uzun illər açıq ürək əməliyyatı yolu ilə müalicə olunub. İndi isə bu qüsurun təxminən 80%-i qapalı yolla- transkateter-damardan iynə ilə keçməklə müalicə edilir. Bu yolla müalicə edilən xəstələrdə heç bir kəsiyə ehtiyac olmur, əməliyyat sonrası isə hər hansı çapıq izi qalmır.
Klinikaya müraciət edən 30 yaşlı xəstə üzərində ATU Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Qalib İmanov tərəfindən bu əməliyyat uğurla həyata keçirilib. Xəstədə qüsur təsadüf müayinələr zamanı aşkar olunub və bir sıra xəstəxanalarda olmasına baxmayaraq, sonda o, ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Xəstədə əməliyyat uğurla başa çatıb və o, bir gecə xəstəxanada qaldıqdan sonra ertəsi gün evə buraxılıb.
Əməliyyatla bağlı hər hansı bir ağırlaşma hallarına rast gəlinməyib.