Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universitetində dermatovenerologiya üzrə növbəti elmi-praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetində dermatovenerologiya üzrə növbəti elmi-praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasında rezidentlərin iştirakı ilə növbəti elmi-praktik konfrans təşkil olunub. Tədbir rezidentlərin elmi fəaliyyətinin təşviqi məqsədilə keçirilən silsilə konfransların davamı olaraq artıq üçüncü dəfə baş tutub. Cari konfrans yüksək təşkilatçılıq səviyyəsi və beynəlxalq iştirakla fərqlənərək xüsusi əhəmiyyət kəsb edib.

Konfransda Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan Tibb Akademiyasının “Ümumi həkimlik təcrübəsi və dermatovenerologiya” kafedrasının müdiri, professor Gülmirə Datkayeva iştirak edib. Qonaq, Azərbaycan Tibb Universiteti ilə sözügedən ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən akademik mobillik proqramı əsasında universitetdə səfərdədir.

Tədbirdə, həmçinin ATU-nun rezidentlərlə iş üzrə şöbə müdirinin müavini, Uşaq cərrahiyyəsi kafedrasının assistenti Namiq Xəlilov iştirak edib.

Konfransı giriş sözü ilə açan Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov qonaqları və iştirakçıları salamlayaraq bu cür tədbirlərin gənc mütəxəssislərin elmi və praktik biliklərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra çıxış edən Namiq Xəlilov konfransın aktuallığını qeyd edərək müzakirə olunan mövzuların — xüsusilə psoriaz, yenidoğulmuşlarda müşahidə olunan dermatoloji hallar və digər aktual problemlərin müasir tibb üçün əhəmiyyətindən bəhs edib.

Konfrans çərçivəsində rezidentlər müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb, hər çıxışdan sonra geniş elmi müzakirələr aparılıb. Canlı diskussiyalar tədbirin yüksək elmi səviyyədə təşkil olunduğunu bir daha nümayiş etdirib.

Tədbirdə universitet tələbələri də fəal iştirak edərək təqdim olunan mövzulara böyük maraq göstəriblər. Konfrans onların bilik və bacarıqlarının artırılması baxımından faydalı olub.

Qeyd edək ki, bu kimi elmi-praktik tədbirlərin təşkili universitetdə elmi mühitin daha da gücləndirilməsinə, rezident və tələbələrin peşəkar inkişafının dəstəklənməsinə mühüm töhfə verir.

 

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.