
Azərbaycan Tibb Universitetinin (ATU) rezidentləri İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzində praktik təlim keçiblər.
Universitetin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, rezidentlər üzrə məsul şəxs Nigar Sultanovanın təşkilatçılığı ilə baş tutan təlimdə tədris prosesi mərkəzin mütəxəssisi, anestezioloq-reanimatoloq Nərminə Əzizova tərəfindən aparılıb.
Əsasən reanimatologiya istiqamətini əhatə edən, Ağız və üz-çənə cərrahiyyəsi ixtisası üzrə təhsil alan rezidentlər üçün nəzərdə tutulan təlim zamanı İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin prorektoru, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova iştirakçılara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, mərkəz müxtəlif ixtisaslar üzrə tibb mütəxəssislərinin hazırlanması, orta və kiçik tibb personalının peşəkar bacarıqlarının inkişafı, həmçinin praktik vərdişlərin formalaşdırılması üçün geniş imkanlar yaradır və bu məqsədlə simulyator, fantom və yüksək texnologiyalı robotlardan geniş istifadə olunur. Tələbələr əvvəlcə sözügedən avadanlıqlar üzərində bacarıqlarını inkişaf etdirir, daha sonra isə mərhələli şəkildə real klinik mühitə hazırlanırlar. Mərkəzdə təcili tibbi yardım və hospitaldan kənar vəziyyətlərin simulyasiyası, eləcə də mama-ginekologiya, cərrahiyyə, əməliyyatxana, endoskopiya və reanimasiya üzrə ixtisaslaşmış otaqlar da fəaliyyət göstərir.
Təlimin sonunda iştirakçıların fəaliyyəti vaxtın idarə olunması, texniki bacarıqlar, resurslardan istifadə və klinik qərarvermə meyarları üzrə qiymətləndirilib. Rezidentlər, həmçinin mərkəzdə tətbiq olunan imtahan sistemi ilə yaxından tanış olublar.
Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən mərkəzdə ilkin mərhələdə yalnız İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri üçün təlimlər təşkil olunub. Hazırda burada I-VI kurs tələbələri üçün müxtəlif fənlər üzrə praktiki məşğələlər keçirilir.