Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Necmettin Erbakan Universiteti əməkdaşlığa başlayır

Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Necmettin Erbakan Universiteti əməkdaşlığa başlayır

   Azərbaycan Tibb Universitetində (ATU) Turkiyənin Necmettin Erbakan Universitetinin rektoru, professor Cem Zorlu ilə görüş keçirilib.

         Görüşdə universitetin beynəlxalq əməkdaşlığının inkişafı istiqamətində atılan addımlardan söz açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli nüfuzlu ali təhsil müəssisələri ilə mövcud münasibətlər, yeni akademik tərəfdaşlıq əlaqələrinin qurulması, həmçinin beynəlmiləlləşmə üzrə inkişaf strategiyasından irəli gələn prioritet məsələlərin həlli ilə bağlı konkret məsələlərə diqqət çəkib.

    Rektor beynəlxalq standartlara uyğun kadr hazırlığında mübadilə proqramlarının rolu, eyni zamanda Türk Dövlətlər Təşkilatı Türk Universitetlər Birliyinin üzvü olan universitetlər arasında tələbə və müəllim mübadiləsini  dəstəkləyən “Orhun” mübadilə proqramı və bu çərçivədə qurulan coxşaxəli əlaqələrdən danışıb. Xüsusən qardaş ölkənin ali təhsil müəssisələri ilə yaradılan səmərəli əməkdaşlığı nəzərə çatdıran Gəray Gəraybəyli bu əlaqələrin genişləndirilməsi, inkişafı və davam etdirilməsinə göstərilən marağı vurğulayıb, qonağı universitetin ümumilikdə xarici elmi fəaliyyəti, həyata keçirilən digər layihələr ilə yaxından tanış edib.

     Konyada qurulan Necmettin Erbakan Universitetinin (NEU) tarixi haqda geniş məlumatla sözə başlayan türkiyəli rektor, professor Cem Zorlu da xarici əlaqələrin inkişafına böyük əhəmiyyət verildiyini, əsasən qardaş ölkə Azərbaycanla bu münaisbətlərin gücləndirilməsinə diqqət yetirildiyini bildirib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin gənc və dinamik strukturu ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrildiyini qeyd edib.  

   NEU-nun elmi mükəmməlliyə və cəmiyyətə xidmətə əsaslanan təhsil yanaşması ilə fərqlənərək önə cıxdığını bildirən Cem Zorlu ali təhsil müəssisəinin geniş akademik spektri, güclü tədqiqat infrastrukturu,  yaxşı təchiz olunmuş müəllim heyəti olduğunu, bakalavr, magistr və doktorantura səviyyələrində zəngin proqramlar təklif etdiyini, bu çərçivədə tələbələrin elmi, peşəkar və şəxsi inkişafına töhfə verməyi hədəflədiyini bildirib.

      Necmettin Erbakan Universitetinin bu gün Türkiyə daxilində deyil, beynəlxalq səviyyədə də tanınmış təhsil və tədqiqat mərkəzinə çevrilmək istiqamətində irəlilədiyini bildirən qonaq bu baxımdan Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığa böyük maraq göstərildiyini diqqətə çatdırıb.

     Daha sonra qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanlarının müzakirəsi ilə davam edən görüşdə iki universitet arasında təhsil, elm və mədəniyyət sahəsində faydalı əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb.

     Memorandum birgə elmi və tədqiqat proqramları, layihələri və işləri; elmi və tədqiqat sənədlərinin və ədəbiyyatın mübadiləsi; alim və mütəxəssislərin mübadiləsi, onların peşəkar inkişafı və təlimlərin təşkili; akademik və inzibati heyətin mübadiləsi; bakalavr, magistratura və rezidentura tələbələrinin mübadiləsi; birgə seminarların, konfransların və görüşlərin keçirilməsi kimi müştərək fəaliyyəti dəstəkləyən müddəaları əsas tutur.

Paylaş

Dostlarınız ilə paylaşın.