Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Azərbaycan Tibb Universiteti və “Nefrologiyanın İnkişafına Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə Tədris Terapevtik Klinikasında “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi anılıb və Dövlət Himnimiz səsləndirilib. 

150-dən çox mütəxəssisin qatıldığı tədbirdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan çıxış edib. Konfrans iştirakçılarına rektor, professor Gəray Gəraybəylinin salamlarını çatdıran prorektor, nefrologiya sahəsində son elmi nailiyyətlərin, müasir diaqnostika və müalicə üsullarının, eləcə də böyrək transplantasiyası üzrə qabaqcıl klinik təcrübələrin müzakirəsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə aparılan tədbirlər, həyata keçirilən proseslər səhiyyəmizdə müvəffəqiyyətlə aparılan islahatların bariz təzahürüdür: “Ancaq bütün dünyada olduğu kimi, ölkəmizdə də bu sahə ilə bağlı hələ də müəyyən problemlər mövcuddur. Əlbəttə ki, bu bir tərəfdən donor çatışmazlığı, digər tərəfdən transplantasiyadan sonra immunosupresiv müalicənin müxtəlif yan təsirlərini ilə əlaqədardır. Orqan transplantasiyasından sonrakı dönəmdə isə ən böyük yük, ən böyük məsuliyyət və ağırlıq nefroloqların üzərində düşür”.

Transplantasiya mərkəzlərinin nümayəndələrinin, aparıcı cərrahlar və alimlərin çıxışlarından xüsusən gənclərin, bu sahədə yetişməkdə olan mütəxəssislərin faydalacağını və mövcud problemlərin həlli yollarının da diqqət mərkəzində olacağını vurğulayaraq, prorektor Məlahət Sultan proqramda ən aktual mövzuların öz əksini tapdığını qeyd edib və konfransın işinə uğurlar arzulayıb.

AMEA müxbir üzvü, ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov nefrologiya və orqan transplantasiyası sahəsinin tarixi inkişafına, mövcud vəziyyətinə və hüquqi bazası haqqında bəhs edib. O, Azərbaycanda nefrologiya və orqan transplantasiyasının 1970-ci illərdən başlayan ilk cərrahi təcrübələrdən müasir dövrün meyit donorluğu və dövlət tərəfindən tənzimlənən yeni qanunvericilik islahatlarına qədər böyük bir inkişaf yolu keçdiyini, tibbi innovasiyaların və yeni məlumat sistemlərinin tətbiqi ilə transplantasiya sahəsində yeni eranın başladığını bildirib.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova qeyd edib ki, dövlət dəstəyi, təkmilləşdirilmiş hüquqi baza və mütəxəssislərin birgə fəaliyyəti bu sahənin gələcək uğurlarının təminatıdır. Onun sözlərinə əsasən, Azərbaycanda insanların sağlamlığı istiqamətində aparılan işlər ölkə rəhbərliyi üçün hər zaman prioritet istiqamət olub və orqan donorluğu və transplantasiya sahəsində son illərdə atılan addımlar insan sağlamlığına verilən dəyərin göstəricisidir. Y.Abbasova, 2025-ci ilin fevral ayında Azərbaycanda ilk dəfə meyit donordan qaraciyər və göz buynuz qişasının köçürülməsinin uğurla icra edildiyini diqqətə çatdırıb.

Dörd əsas panel üzrə işini davam etdirən konfransda “Xroniki böyrək çatışmazlığı: xəstəliyin erkən diaqnostikası və müalicəsində multidissiplinar əməkdaşlığın rolu”, “Transplantasiya yenilikləri: əməliyyat texnikalarındakı son nailiyyətlər və post-transplantasiya dövründə xəstələrin keyfiyyətli müşahidəsi” və digər istiqamətlər üzrə məruzələr təqdim olunub və müzakirələri aparılıb.

T.e.d. Rəşad Şolan “Böyrək transplantasiyası zamanı mürəkkəb klinik hadislərin analizi – transplantoloq-cərrahın gözü ilə”, Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri, t.ü.f.d. Anar Namazov “ATU-nun Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin böyrək köçürülməsi sahəsində təcrübələri” və ATU-nun Tədris Terapevtik Klinikasının Efferent terapiya şöbəsinin müdiri Elgün Həziyev “Böyrək transplantasiyasından sonra geri dönən xəstəliklər” mövzusunda çıxış ediblər.

Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş konfransın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.