Bizi izləyin:
Heydər Əliyev
ATU Hərbi Tibb Fakültəsinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında elmi seminar keçirilib

ATU Hərbi Tibb Fakültəsinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında elmi seminar keçirilib

     Azərbaycan Tibb Universiteti (ATU) Hərbi Tibb Fakültəsinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ”Epidemioloji araşdırma metodları və tibbi biostatistika” mövzusunda elmi seminar keçirilib. Seminar Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstititunun “Hərbi təbabət” ixtisası üzrə təhsilini davam etdirən adyunktlara (doktorantlara) və Hərbi Tibb Fakültəsinin müxtəlif ixtisası üzrə təhsil alan I kurs rezidentləri üçün təşkil olunub.

     Seminarda Müdafiə Nazirliyi Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Anar İsmayılov hərbi təbabətin aktuallığından söz açıb, belə seminarların rezidentlərin peşəkar həkim kimi gələcək fəaliyyətlərində əhəmiyyətini vurğulayıb.

    Hərbi Tibb Fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev seminarda “Data mənbələri, epidemioloji məlumat toplama və biostatistika” mövzusunda təqdimatla çıxış edib. Araşdırma məlumatlarının işlənməsi zamanı yol verilən xətalar, məlumatların işlənilməsi zamanı istifadə edilən statistik metodlar barədə məlumat verən məruzəçi xətaların minimuma endilməsi yollarını izah edib.

     Daha sonra tədris şöbə rəisinin elmi işlər üzrə müavini, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov “Hərbi təbabət” (730301) ixtisas formulu haqqında çıxış edib. Məruzəçi “Hərbi Təbabət” ixtisasının tədqiqat sahələri - hərbi cərrahiyyə, hərbi terapiya, hərbi gigiyena, hərbi epidemiologiya, hərbi toksikologiya, radiologiya və tibbi mühafizə, tibb xidmətinin təşkili və taktikası haqqında ətraflı məlumat verib. Həmçinin “Hərbi Təbabət (7303.01) ixtisası istiqamətində bir araşdırma məruzəsini nümunə olaraq araşdırma nəticələrinin elmi işdə göstərilmə - şərh edilmə ardıcılığı barədə danışıb.

    S.Əhmədov “Hərbi təbabət” ixtisası istiqamətində icra edilən tədqiqata nümünə olaraq “Hərbi Təbabət (7303.01) ixtisasında epidemioloji tədqiqat” mövzusunda araşdırmanı adyunkt və rezidentlərin nəzərinə çatdırıb.

    Müzakirə ilə davam edən seminarda ATU Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti Səidə Hacıyeva, Müdafiə Nazirliyi Tibb İdarəsinin zabitləri tibb xidməti polkovnik – leytenantları Namiq Əliyev, Hamlet Hüseynov və Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun əməkdaşı polkovnik –leytenantı Anar Musayev və digərləri iştirak etdilər.

Paylaş

Dostlarınız ilə paylaşın.