Bizi izləyin:
Heydər Əliyev
Ümumdünya Malyariya ilə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Ümumdünya Malyariya ilə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

      Azərbaycan Tibb Universitetində (ATU) Ümumdünya Malyariya ilə Mübarizə Gününə həsr olunmuş elmi tədbir təşkil olunub.

    Tədbirdə Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev malyariya xəstəliyinin ölkə patologiyası üçün tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, bir zamanlar Azərbaycanda geniş yayılmış bu xəstəliyə səhiyyə sistemində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində 2012-ci ildən etibarən demək olar ki, rast gəlinmir.

    Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov isə çıxışında malyariyanın ölkəmizdə artıq aktual epidemioloji problem kimi müşahidə olunmadığını qeyd edib və bu nəticənin səhiyyə sistemində həyata keçirilən məqsədyönlü profilaktik tədbirlərin uğuru olduğunu vurğulayıb. Eyni zamanda, xəstəliyin qlobal miqyasda hələ də ciddi ictimai sağlamlıq problemi olaraq qaldığını diqqətə çatdırıb.

    Elmi Tədqiqatların İdarə Olunması Departamenti Elmimetrik araşdırma və beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Fatimə Seyidbəyova malyariyanın dünya üzrə davam edən yayılma vəziyyətinə toxunaraq, bu sahədə elmi bilik mübadiləsi və maarifləndirmənin vacibliyini qeyd edib.

    Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev Azərbaycan elminin inkişafında mühüm rol oynamış görkəmli alim İsmayıl Axundovun epidemiologiya və parazitologiya sahəsindəki xidmətlərindən geniş bəhs edib, onun apardığı elmi tədqiqatların ölkəmizdə tibbi epidemiologiya və parazitologiya sahəsinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.  

    Tədbiin əhəmiyyətinə diqqət çəkən İctimai səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva isə elmi müstəvidə təşkil olunan belə görüşlərin yoluxucu xəstəliklər üzrə biliklərin genişləndirilməsi, təcrübə mübadiləsi və tibbi elmin inkişafı baxımından vacibliyini qeyd edib.

    Tədbirdə Yoluxucu xəstəliklər kafedrasının professoru Elçin Hüseynov, Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Süleyman Məmmədov, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Aydan Hüseynli, eləcə də kafedranın dosentləri Sulduz Əhmədova, Məlahət Bağırova və Nüşabə Şıxəliyeva tərəfindən elmi məruzələr təqdim olunub.

Paylaş

Dostlarınız ilə paylaşın.