Bizi izləyin:
Heydər Əliyev
Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub

Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub

Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə ATU-da Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Ümumdünya Psixiatriya Federasiyasının həqiqi üzvü Ağabəy Haşım oğlu Sultanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Düşüncənin parlaq işığı” adlı elmi-praktik konfrans keçirilib.

Tədbirin aparıcısı Emil Şahzadə çıxışında konfransın yalnız yubiley xarakteri daşımadığını, eyni zamanda görkəmli alimin elmi və mənəvi irsinin cəmiyyət üçün əhəmiyyətinin bir daha xatırlandığını bildirib. Onun sözlərinə görə, belə tədbirlər keçmişə ehtiramla yanaşı, gələcək nəsillərə istiqamət verən dəyərlərin təbliği baxımından xüsusi önəm daşıyır.

Konfransın açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Ağabəy Sultanovun Azərbaycan səhiyyə və psixiatriya elminin inkişafındakı rolunu xüsusi vurğulayıb. Rektor qeyd edib ki, professor A.Sultanov ölkədə psixiatriya məktəbinin formalaşmasında və elmi-pedaqoji bazanın gücləndirilməsində mühüm xidmətlər göstərib.

Onun sözlərinə görə, A.Sultanovun rəhbərliyi altında çoxsaylı mütəxəssislər yetişdirilib, mühüm elmi tədqiqatlar aparılıb və əhəmiyyətli nəticələr əldə olunub. Professorun həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı olduğunu vurğulayan rektor bildirib ki, onun pedaqoji fəaliyyətində tələbələrə təkcə bilik deyil, həm də həkim etikası, humanizm və məsuliyyət prinsipləri aşılanıb.

Çıxışda professor A.Sultanovun beynəlxalq elmi əlaqələrin genişləndirilməsindəki rolu da qeyd olunub. Bildirilib ki, onun təşəbbüsləri sayəsində Azərbaycan tibb elminin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm irəliləyişlər əldə edilib.

Rektor əlavə edib ki, professorun həkim kimi fəaliyyəti hər zaman insan amilinə əsaslanıb və pasiyentlərə göstərdiyi diqqət və qayğı onun peşəkar yanaşmasının əsas göstəricilərindən olub. Bu ənənənin bu gün də onun yetirmələri tərəfindən davam etdirildiyi vurğulanıb: “Əminliklə deyə bilərəm ki, Ağabəy Sultanovun zəngin irsi bundan sonra da Azərbaycan tibb elminin inkişafına xidmət edəcək. O, təkcə öz dövrünün deyil, gələcək nəsillərin də yoluna işıq salan şəxsiyyətlərdəndir. Onun elmi fəaliyyəti, yetişdirdiyi kadrlar və insana göstərdiyi həssas yanaşma bu gün də Azərbaycan səhiyyəsində yaşayır”.

Rektor, görkəmli alimin elmi irsinin Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamaqda davam eddiyini və onun adının yalnız elmi əsərlərdə deyil, həm də minlərlə insanın yaddaşında şəfa və ümid simvolu kimi yaşadığını qeyd edib.

Rektor bildirib ki, A.Sultanov yalnız alim və pedaqoq deyil, eyni zamanda yüksək mənəvi dəyərlərə sahib bir şəxsiyyət olub. Onun tələbələrinə biliklə yanaşı, həkim etikası, humanizm və məsuliyyət hissini aşılamaqla seçildiyi xüsusi vurğulanıb.

Sonda qeyd olunub ki, görkəmli alimin həyat yolu göstərir ki, əsl həkim olmaq yalnız bilik deyil, həm də böyük ürək tələb edir və o, məhz bu xüsusiyyətləri ilə seçilən nadir şəxsiyyətlərdən biri olub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında A.Sultanovun Azərbaycan psixiatriya məktəbinin inkişafındakı rolundan bəhs edib. O bildirib ki, alimin yaratdığı elmi məktəb bu gün də öz fəaliyyətini uğurla davam etdirir.

Akademik həmçinin A.Sultanovun müəllimlərinə göstərdiyi hörmət, yüksək təvazökarlıq və gənc kadrların yetişdirilməsinə verdiyi dəstəyin onun şəxsiyyətini səciyyələndirən əsas xüsusiyyətlər olduğunu diqqətə çatdırıb.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə A.Sultanovun mühazirələrinin tələbələr üçün əsl həyat məktəbi olduğunu bildirib. Onun sözlərinə görə, professor mürəkkəb elmi mövzuları sadə və anlaşılan şəkildə izah edir, tələbələrlə səmimi ünsiyyət qururdu.

Nazir müavini A.Sultanovun yüksək yumor hissinə və ictimai fəallığına da toxunaraq, onun televiziya çıxışlarının və maarifləndirici fəaliyyətinin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb.

AMEA-nın vitse-prezidenti İradə Hüseynova isə çıxışında A.Sultanovu Azərbaycan psixiatriya elminin formalaşmasında mühüm rol oynamış görkəmli alim kimi xarakterizə edib. O qeyd edib ki, ölkədə görkəmli alimlərin yubileylərinin keçirilməsi artıq ənənəyə çevrilib və bu, elmi irsin qorunmasına xidmət edir.

Tədbirdə həmçinin vurğulanıb ki, bu ənənənin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də dövlət səviyyəsində davam etdirilir.

Konfrans zamanı yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib. 

Çıxışlar yenidən davam etdirilib. Uzun müddət görkəmli alimlə münasibətdə olan Akademik Akif Əlizadə, professorlardan Nadir İsmayılov, İbadulla Ağayev onunla bağlı maraqlı xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən və aforizmlərindən söhbət açıblar. 

Sonda yubilyarın nəvəsi İnarə xanımın babası haqqında ailə xatirlərini bölüşərək tədbir iştirakçılarını kövrəldib. Nəvə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür və minnətdarlığını bildirib. 

Xalq artisti İlqar Muradov isə yubilyarın xoşladığı musiqi ifaları ilə konfransa xüsusi ovqat qatıb.

Konfrans plenar iclaslarla işini yekunlaşdırıb.

Paylaş

Dostlarınız ilə paylaşın.