

Mədə və bağırsaq polipləri müasir tibbdə çox zaman endoskopik üsulla, yəni cərrahi kəsik olmadan təhlükəsiz şəkildə çıxarılır. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, həkim-qastroenteroloq Fərahim Məmmədzadə bu metodun xəstələr üçün daha az travmatik və daha tez bərpa olunan bir yanaşma olduğunu qeyd edib.
Mədə və bağırsaq polipləri endoskopik yolla müayinə olunur, izlənilir və lazım gəldikdə müdaxilə edilərək çıxarılır. Poliplərin endoskopik yolla çıxarılması ümumilikdə təhlükəsiz prosedur olsa da, nadir hallarda müəyyən fəsadlar, o cümlədən qanaxma, mədə və ya bağırsaq divarında deşilmə (perforasiya) baş verə bilər.
20 illik təcrübəsində heç vaxt hansısa fəsadın baş vermədiyini vurğulayan həkim bildirib ki, bu sahədə nəticəyə təsir edən əsas amillərdən biri həkimin təcrübəsi, digər tərəfdən isə istifadə olunan endoskopik avadanlığın keyfiyyətidir: “Texnologiya daim yenilənir və bu da daha az riskli və daha effektiv müalicə imkanları yaradır. Hətta bəzi hallarda endoskopik üsulla mədənin kiçildilməsi kimi yeni metodlar da tətbiq edilir. Yaxın vaxtlarda TCK bu sahədə əməliyyatların aparılmasına imkan verən avadanlıqların əldə edilməsini planlaşdırır”.
