Tədris-Terapevtik Klinikanın tibbi şurasının növbəti genişləndirilmiş toplantısı oldu
Tədris-Terapevtik Klinikanın tibbi şurasının növbəti genişləndirilmiş toplantısı oldu
Martın 7-də Tədris-Terapevtik Klinikanın tibbi şurasının növbəti genişləndirilmiş toplantısı oldu.
Toplantını klinikanın direktoru, professor Surxay Musayev açaraq əvvəlcə qadın əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Bu dəfəki toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ayırdığı vəsait hesabına ölkəmizə gələn aparıcı mütəxəssislərin də iştirak etdiyini vurğulayan S.Musayev onlar haqqında qısa məlumat verərək bildirdi ki, neyroradiologiya, məhkəmə-tibbi radiologiya, MRT texnikası üzrə mütəxəssis olan Dr. Robert Noordveld 1984-cü ildən MRT ilə məşğul olur.
Dr. Onno van Baolen isə Hollandiyanın Holkholm şəhərindəndir. 2004-cü ilədək Queen Beafrius hospitalında "internal medicine" (terapevt), 2004-cü ildən qastroenteroloq kimi fəaliyyət göstərir. Qastroenteroloq, hepatoloq, endoskopiya (qastroskopiya, kolonoskopiya, ERCP) üzrə mütəxəssisdir.
Həftənin I günü kardioloqlar, II günü şüa diaqnostikası üzrə mütəxəssislər, III günü pediatrlar, IV günü radioloq və qastroenteroloqlar burada mühazirə oxuyacaq, dəyirmi masa keçirəcək və praktiki işlər aparacaqlar. Mama-ginekoloqlar isə həftənin V günü mühazirəni burada oxuyacaq, amma praktiki işlərini Mama-Ginekologiya İnstitutunda həyata keçirəcəklər. Hörmətli rektorumuz akademik Əhliman Əmiraslanov bu barədə kafedra müdirlərini məlumatlandırıb.
Qonaqlar çıxış edərək klinika ilə tanışlıqdan məmnun olduqlarını və yüksək səviyyədə əməkdaşlıq edəcəklərinə əmin olduqlarını bildirdilər.
Sonra daxili məsələlərin müzakirəsinə keçildi. Klinikanın baş həkimi Cəfər Əhmədov həftəlik hesabatını əsasən statistik rəqəmlər üzərində quraraq I terapiyada 12, II terapiyada 20, III terapiyada 28, IV terapiyada 6, V və VI terapiyanın hər birində 16, nevrologiyada 20, ümumilikdə 118, I pediatriyada 5, II pediatriyada 21, III pediatriyada 23, ümumilikdə 49, digər şöbələrdə 11 xəstə olduğunu diqqətə çatdırdı.
Xəstələrin daxilolma və çıxmasına dair həftəlik orta göstərici, gündüz stasionarında müalicə alan xəstələrin sayı haqqında da məlumat verən baş həkim klinikaya yanvar ayında 448, fevral ayında 534, keçən həftə 32, bu həftə isə 39 xəstənin daxil olduğunu, artım tendensiyasına baxmayaraq çarpayı fonduna görə bu rəqəmlərin qənaətbəxş olmadığını dedi.
S.Musayev klinikada rezidentlərlə aparılan işin vəziyyətinə də aydınlıq gətirərək daxili nizam-intizamın zəruriliyini önə çəkdi. Gündüz və gecə növbələri ilə bağlı klinika rəhbərliyinin müəyyənləşhdirdiyi növbətçilik qrafikində dəyişikliyin ailə vəziyyəti ilə əlaqdar müvafiq arayış təqdim etdikdə mümkünlüyünü vurğuladı.