
“Əziz Əliyevin böyük irsinin davamçısı olan Zərifə Əliyeva artıq genetikada qoyulmuş əsasları çox uğurla davam etdirib. Mən hesab edirəm ki, ümumiyyətlə, bu ad, bu ailə bəlkə də dünyada çox nadir ailələrdəndir. Çünki bu qədər geniş alimlik, bu qədər alicənablıq, bu qədər zəka, intellekt sahibi olmaq və öz sənətinə vurğunluq bir nəsildən digər nəsilə ötürülür. Zərifə xanım da tibb aləmində, səhiyyədə, xüsusən də öz həyatını həsr etdiyi oftalmologiya sahəsində böyük bir alimdir”.
Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli bu fikirləri Qərbi Azərbaycan Televiziyasına müsahibəsində tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə Əliyeva ilə bağlı xatirələrini paylaşarkən bildirib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, telejurnalist Fəxriyyə Lilparın təqdimatında “Aydınlığın izində bir ömür – akademik, oftalmoloq Zərifə Əliyeva” adlı verilişdə rektor böyük alimin peşə fəaliyyətində qoyduğu dərin izlər, qazandığı ciddi nailiyyətlərlə bağlı bir çox məqamlara toxunub.
Rektor bildirib ki, Zərifə xanımın elmi axtarışlarından biri məhz traxoma xəstəliyinin müalicəsində digər üsullarla yanaşı sintomisinlə istifadə olunması idi: “O vaxt üçün bu, inqilabi bir açılış idi, inqilabi bir müalicə üsulu idi. Bütün fəaliyyətini tibbə, oftalmologiyaya həsr etmiş Zərifə xanım oftalmologiyada həddindən artıq dərin iz qoymuşdur. Onu demək kifayətdir ki, o, Moskvanın Helmqolts adına məşhur oftalmologiya elmi tədqiqat institutunda fəaliyyət göstərirdi. O vaxt Sovetin ən qızğın vaxtında “Averbax” adına mükafatın laureatı olub. Bir çox elmi şuraların üzvü olub, bir çox elmi jurnalın redaksiya şurasının üzvü olub.”
Gəray Gəraybəyli Zərifə xanımın həmçinin geniş ictimai fəaliyyətindən də ətraflı bəhs edib: “Onun yaratdığı beynəlxalq əlaqələr, onun yaratdığı dostluq əlaqələrinin nəticəsində Bakıda bir çox ittifaq miqyaslı konfranslar keçirilirdi. O vaxt çox nadir hallarda belə bir respublikada tədbirlər keçirilirdi. Ancaq Azərbaycanda və Bakıda Zərifə xanımın rəhbərliyi altında böyük qurultaylar, böyük konfranslar keçirilirdi”.
Rektor böyük alimin insani keyfiyyətlərinin hər zaman nümunə ola biləcəyindən də danışıb: “Zərifə xanım mənim gözümdə böyük bir həkimdir ilk növbədə. Diaqnoz qoymaq, müalicə etmək yaxşı insan bacara bilər. Ancaq öz pasiyentinə tam şəkildə ürəklə yanaşmaq bu, hər adamın işi deyil və hər həkimin işi deyil, çox təəssüf. Zərifə xanım bu nöqteyi-nəzərdən də bir nümunə idi bütün həkimlər üçün. Onu demək kifayətdir ki, Zərifə xanım oftalmologiyaya aid nə qədər kitablar yazıb, nə qədər metodik tövsiyələr yazıb. Ancaq onun ən məşhur kitablarından biri də tibbi deontologiyaya həsr olunmuş kitabdır. Bu hər bir həkimin ixtisasından asılı olmayaraq onun bir stolüstü kitabıdır”.
Professor nəcib dəyərlər daşıyan Zərifə Əliyevanın tarixdə qoyduğu dərin izlərin səbəbinə də yadınlıq gətirib: “Bəzən xəstəyə sözün əsl mənasında həkimin o münasibəti, o emosiyası, o qayğısı lazımdır və bu nöqteyi nəzərdən Zərifə Əliyeva bu piramidanın ən yuxarı nöqtəsində dayanıb. Mənə sual versələr ki, Zərifə xanımın insan xüsusiyyətləri ,yoxsa professional xüsusiyyətləri daha üstündür, mən bu suala çətinlik çəkərəm cavab verməyə. Çünki hər ikisi çox yüksəkdir. Hər ikisi çox yüksək olduğu halda məhz Zərifə xanım tarixdə belə bir dərin iz qoyub”.
Verilişdə Zərifə Əiyevanın oftalmologiya sahəsindəki inqilabi tapıntıları, xüsusilə peşə xəstəliklərinin müalicəsindəki müstəsna xidmətləri və qazandığı nüfuzlu beynəlxalq mükafatlar vurğulanır. Eyni zamanda, Zərifə xanımın humanist şəxsiyyəti, həkim-pasiyent münasibətlərindəki nəcibliyi və milli musiqimizə olan dərin bağlılığı işıqlandırılır.