Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilən “Bakı Marafonu 2026”-da iştirak etmiş Azərbaycan Tibb Universitetinin (ATU) tələbə və əməkdaşlarının mükafatlandırılma mərasimi keçirilib.
Ümumilikdə 76 medal qazanaraq yüksək nəticə göstərən ATU tələbələrini universitet rəhbərliyi adından təbrik edən ATU-nun Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev beynəlxalq marafon yarışında və idman sahəsində fəallığı ilə seçilən tələbə və əməkdaşlara minnətdarlığını ifadə edib, çətin tədris proqramına baxmayaraq, gənclərin nümayiş etdirdiyi fiziki dözümlülük və iradəni xüsusi vurğulayıb.
ATU rəhbərliyinin yerl və əcnəbi tələbələrə eyni qayğı ilə yanaşdığını sda öyləyən prorektor qazanılan uğurları gənclərin asudə vaxtının səmərəli təşkilinin və idmana göstərilən xüsusi diqqətin nəticəsi kimi dəyərləndirib.
A.Ağayev digər böyük ali təhsil ocaqları ilə müqayisədə universitetimizin daha üstün nəticələr nümayiş etdirməsinə, qazanılan çoxsaylı medallara xüsusi diqqət çəkərək, qaliblərin hər birinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
ATU-nun “Təbib” Tədris İdman Mərkəzinin müdiri, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov da cıxışında tələbələrimizin aprelin 18-dən başlayan Zəfər festivalı yarışları ilə eyni vaxtda keçirilən marafon yarışlarında da uğurla təmsil olunmasını yüksək qiymətləndirib. Builki marafanoun əsas yeniliklərindən də söz açan Q.Aslanov qeyd edib ki, 2016-cı ildən bəri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən
“Bakı Marafonu”nda əvvəllər 21 km -lik məsafə bu il ilk dəfə 42 km olub. Bu uzun məsafəni ATU tələbələrinin uğurla başa vurmasının qürurverici olduğunu bildirən Q.Aslanov əlavə edib ki, 25 min iştirakçının qatıldığı marafonda 42 km-i tamamlayan 19 nəfər, 21 km yarımarafon məsafəni - aralıq finiş nöqtəsini qət edən 43 nəfər və 10 km məsafəni başa çatdıran 14 tələbə medala layiq görülüb.
Çıxışlardan sonra “Bakı Marafonu 2026”-da ATU təmsilçilərinin fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra marafon iştirakçılarına medallar təqdim olunub. ATU tələbəsi Mənsa Paların isə 6 medala layiq görülməsi xüsusi rəğbətlə qarşılanıb.