Azərbaycan Tibb Universitetində dövlət rəmzləri ilə bağlı tədbir keçirilib.
Mayın 24-də Azərbaycan Tibb Universitetində (ATU) "Dövlət rəmzlərimizi sevək və sevdirək!" devizi altında dəyirmi masa keçirilib.
ATU-nun və "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə keçirilən tədbir Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümünə həsr olunub.
"Tələbələr arasında dövlət rəmzlərinin təbliği" layihəsi çərçivəsində təşkil olunan toplantının əvvəlində Azərbaycanın dövlət himni səsləndirildi, vətən uğrunda şəhid olan qəhrəman Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Dəyirmi masada Ulu öndərin həyatı, fəaliyyətindən söz açıldı. Onun başçılığı dövründə elm və təhsil sahəsinin inkişafı naminə görülən işlərdən, gənclərə göstərdiyi qayğıdan bəhs olundu. Azərbaycan müstəqilliyini qazandıqdan sonra dövlət rəmzlərimizin də bərpa olunduğu, bu sahədə ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulandı.
Giriş sözü ilə çıxış edən ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev Ümummilli lider Heydər Əliyevin səhiyyə işçilərinə həmişə xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladı. Azərbaycan Tibb Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsinin və ölkəmizdə tibb kadrlarının hazırlanmasının məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi.
S.Əliyev hazırda Azərbaycan və Türkiyə arasında hər bir sahədə olduğu kimi, təhsildə də qarşılıqlı əlaqələrin inkişaf etdiyini söylədi:
"Azərbaycandan istedadlı gənclər Türkiyə ali təhsil ocaqlarında təhsil alırlar və sonra qayıdıb peşəkar kadrlar kimi vətəndə işləyirlər".
Daha sonra söz alan TUMİB sədri Çingiz Bayramov tədbir iştirakçılarını salamlayaraq, layihə barədə məlumat verdi. O bildirdi ki, bu layihə silsilə tiplidir və artıq bir neçə universitetdə keçirilib. Qeyd edib ki, bu tədbirlər gənclərimizdə dövlət rəmzlərimizə olan sevgi və hörməti artırmaq məqsədi daşıyır.
Dövlət rəmzlərimiz barədə gənclərə məlumat verən Çingiz Bayramovun sözlərinə görə, dövlət rəmzləri 1918-cilə qəbul edilib. 1990-cı il 17 noyabrda Ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olaraq dövlət rəmzlərinin bərpasına icazə verib. Ç.Bayramov ilk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadənin gündəmə gətirdiyini bildirdi.
Dəyirmi Masada çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov bu layihəyə gələcəkdə də dəstək verəcəklərini dedi. O, tədbirdə iştirak edən gəcnlərə Azərbaycanın bayrağı haqqında məlumat verərək bildirdi ki, əvvəllər bayrağımız qırmızı rəngdə olub:
"Lakin sonradan Əli bəy Hüseynzadə ideya irəli sürüb ki, Azərbaycan bayrağı üç rəngi olmalıdır, türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvolunu daşımalıdır. Buna görə də bayrağımız üz rənglidir".
E.Hüseynov tələbələrə üç rəngli bayrağımızın ilk dəfə Türkiyədən Azərbaycana gətirilməsi, Qız Qalasında dalğalandırılması barədə da məlumat verdi.
Sonda çıxış edən TUMİB üzvü Cabir Dövlətzadə tələbələrə bayrağımızı qorumağı, dövlət rəmzlərimizin qayğısına qalmağı tövsiyyə etdi.
Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı.