Azərbaycan Tibb Universitetinə (ATU) rektor vəzifəsinə təyin olunan professor Gəray Gəraybəylinin bu gün universitetin rəhbər heyəti ilə görüşü keçirilib.
Görüşün əvvəlində ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev çıxış edərək prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri, professor Gəray Gəraybəylinin universitetin rektor vəzifəsinə təyin olunduğunu toplantı iştirakçılarının diqqətinə çatdırdı.
Bu uğurlu təyinatla əlaqədar kollektiv adından cənab prezidentə və səhiyyə nazirinə təşəkkürünü bildirən professor S.Əliyev rektor G.Gəraybəyliyə yeni vəzifəsində uğurlar arzuladı.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxışında göstərilən etimada görə dövlət başçısı İlham Əliyev və səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkürünü bildirdi. G.Gəraybəyli qarşısında duran vəzifənin çətin və məsuliyyətindən xəbərdar olduğunu vurğuladı:
“Mənim əmək kitabçamda başqa iş yeri haqqında qeyd yoxdur. Universiteti bitirəndən sonra burada çalışıram. Bu universitetin istər qazandıqları, həm də itirdikləri mənim üçün çox əhəmiyyətlidir”. Professor G.Gəraybəyli indiyədək ATU-nun əldə etdiyi nailiyyətlərdə keçmiş rektoru, akademik Əhliman Əmiraslanovun böyük zəhməti olduğunu xatırlatdı. Rektor qeyd etdi ki, bundan sonra da Tibb Universitetinin uğurlarının sayının artırılması, ATU-nun nəinki Azərbaycanın, dünyanın aparıcı ali məktəbləri sırasında olması naminə işlər daha böyük əzmkarlıqla davam etdiriləcək.
Toplantıda qarşıdakı müddət ərsində görüləcək işlər, icrası planlaşdırılan məsələlər, gözlənilən islahatlar barədə müzakirələr aparıldı.