Xəstənin çənəsində eyni vaxtda iki mürəkkəb əməliyyat aparılıb
Son illər ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında müxtəlif xarakterli mürəkkəb əməliyyatların icra olunması ənənəyə çevrilib.
Bu yaxınlarda həmin klinikada daha bir mürəkkəb əməliyyat uğurla həyata keçirilib. Belə ki, klinikanın həkimləri çənədə şişin götürülməsi, incik sümüyündən transplantat kimi istifadə etməklə çənə sümüyünün bərpası əməliyyatını eyni zamanda aparıblar.
29 yaşlı xəstə üzərində aparılan bu mürəkkəb əməliyyat ATU-nun Tədris Cərrahiyyə Klinikasının iki böyük briqadasının birgə səyi nəticəsində uğurla başa çatdırılıb.
Xəstə klinikaya 1 il öncə müraciət edib. Həmin vaxt aparılan biopsiya nəticəsində ona çox nadir hallarda rast gəlinən “Ameloblastk sarkoma” diaqnozu qoyulubmuş. Cərrahiyyə əməliyyatı zamanı çənənin sol bucağı nahiyəsini əhatə edən şiş toxuması və onun təxminən 1,5 sm sərhədində rezeksiya əməliyyatı aparılıb. Mövcud defekt rekonstruktiv titan lövhə ilə aradan qaldırılıb. Əməliyyatdan sonrakı dövrdə xəstə nəzarət altında saxlanılıb.
Lakin son 2 həftədə xəstədə əməliyyat sahəsində yenidən kəskin ağrılar üzə çıxıb. ATU-nun ağız və üz-çənə cərrahiyyəsi şöbəsinınin müdiri t.ü.f.d. Məhəmməd Davudovun sözlərinə görə, aparılan kliniki və radioloji müayinə nəticəsində xəstədə şişin yenidən əmələ gəlməsi - “Recurrence tumor” aşkar olunub. Cərrah bu haqda verdiyi müsahibədə demişdir:
“Əldə olunan nəticələr təhlil olunduqdan sonra konsilium nəticəsində cərrahiyyə əməliyyatının aparılmasına qərar verildi. Bu dəfə əməliyyat daha geniş həcmdə, şiş toxumasının götürülməsi, qalıq çənə sümüyü seqmentlərinin bir qədər də geniş rezerksiyası və defektin sonrakı müalicədə həm radioterapiya, həm kimyəvi dərman müalicəsinin aparılma riskinin yüksək olduğunu nəzərə alaraq, xəstədə sərbəst damar ayaqcıqlı sümük dilimindən istfadə olunması planlaşdırıldı. Bu məqsədlə biz plastik və rekonstruktiv cərrahiyyə mütəxəssisləri ilə birgə komanda şəklində bu əməliyyatın aparılmasına qərar verdik”.
Plastik-rekonstruktiv cərrah, uzman həkim Dilqəm Məmmədovun sözlərinə görə, birlikdə icra olunan əməliyyatın müddəti orta hesabla 6-7 saat çəkib: “Bu zaman 2 əməliyyat briqadası eyni vaxtda çalışırdı. Əvvəlcə birinci briqada çənə nahiyəsində residiv verən şişin - yəni “Recurrence tumor”un rezerksiyasını həyata keçirdi. Daha sonra isə biz incik sümüyündə hazırlanmış sərbəst damar ayaqcıqlı flebin (incik sümüyü transplantatının) qaldırılması ilə məşğul olduq. Bu işləmlər bitdikdən sonra həmin flebin çənə sümyünə qoyulması və boyundakı damarlarla bir yerdə tikilməsi əməliyyatı icra olundu”.
Qeyd edək ki, xəstənin səhhəti hazırda qənaətbəxşdir. Beş gündən sonra evə yazılacaq.