
Azərbaycan Tibb Universiteti (ATU) BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinə (SDG) nail olunması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir. Bu baxımdan, universitet ana-uşaq sağlamlığı (Maternal Health/ Child Health), ictimai səhiyyə (Public Health), icma sağlamlığı (Community Health), sağlam həyat tərzi (Healthy Lifestyle), profilaktik tibb (Preventive Medicine), sağlamlığın təşviqi (Health Promotion) üzrə müvafiq tədbirləri daim diqqət mərkəzində saxlayır. Universitet tərəfindən növbəti belə bir addım SDG 3 - Sağlamlıq və rifah (SDG 3 – Good Health and Well-being) və Məqsədlər naminə tərəfdaşlığı dəstəkləyən (Partnerships for the Goals) - SDG 17 istiqamətləri üzrə atılıb.
Belə ki, Azərbaycan Tibb Universiteti Qırğızıstan Respublikasında keçirilən "İssık-Kul sahilində uşaq ürəyi: nailiyyətlər və perspektivlər" mövzusuna həzr olunmuş II Beynəlxalq konqresdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan Pediatrlar Asossiasiyasının (APA) sədri, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Təranə Tağızadə, həmin kafedranın dosenti, t.ü.f.d. Fəxriyyə Məmmədova və Yoluxucu xəstəliklər kafedrasının dosenti, t.ü.f.d. Samir Məmmədov iştirak edib.
Azərbaycanla yanaşı, tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus, Rusiya, Almaniya və digər ölkələrdən olan uşaq kardiologiyası, uşaq ürək-damar cərrahiyyəsi, aritmologiya, pediatriya, neonatologiya və anesteziologiya sahələrinin aparıcı mütəxəssisləri qatılıblar. Kardiologiya, kardiocərrahiyyə və pediatriyanın aktual məsələlərinin müzakirə olunduğu bölmə iclaslarında APA-nın üzvləri olan həkimlərimiz klinik halları müzakirə edib, xarici həmkarları ilə təcrübə mübadiləsi aparıb və beynəlxalq peşəkar əlaqələrini genişləndiriblər.
Konqres çərçivəsində Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan olan nümayəndələrin iştirakı ilə Türk Dünyası Pediatrlarının II Qurultayı da baş tutub. Qurultayda T.Tağızadə “Azərbaycanda uşaq brusellyozunun aktual problemləri” mövzusunda məruzə edərək, xəstəliyin erkən diaqnostikası və müasir müalicə üsullarını diqqətə çatdırıb.
Alim ölkəmizdə pediatrik brusellyozla mübarizədə əldə olunan nailiyyətləri qeyd etməklə yanaşı, gələcək birgə regional fəaliyyətin və preventiv tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
“Nadir pediatrik xəstəliklərdə süni intellekt: genom datalarından klinik qərarların dəstəklənməsinədək” adlı təqdimatında t.ü.f.d., dosent Fəxriyyə Məmmədova nadir patologiyaların diaqnostikasında rəqəmsal texnologiyaların oynadığı roldan bəhs edib, genom məlumatlarının analizində süni intellekt alqoritmlərinin tətbiqinin həkimlərə daha sürətli və dəqiq klinik qərarlar qəbul etmək imkanı qazandırdığını bildirib.
Sonra “Uşaqlarda viral B və C hepatitlərinin müalicəsinə müasir yanaşmalar” mövzusunda çıxış edən t.ü.f.d., dosent Samir Məmmədov uşaqlarda xroniki viral hepatitlərin müalicəsində son illərdə tətbiq olunan effektiv terapevtik protokollar haqda danışıb.
Beynəlxalq tədbirdə erkən diaqnostika, uşaq kardiologiyasında innovativ texnologiyaların tətbiqi, eləcə də müxtəlif ixtisaslı mütəxəssislər arasında multidissiplinar əməkdaşlığın gücləndirilməsi məsələləri önə çəkilib.