Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ) dəstəyi ilə 19-22 aprel tarixlərində “ Uşaqlarda irəli həyat dəstəyi” kurs proqramı keçirilir.
Proqramda ATU-nun Tədris Cərrahiyyə Klinikasının neonatologiya kaferasının müdiri, professor Səfixan Həsənov, kafedranın əməkdaşları və Türkiyədən gələn həkimlər iştirak edir.
Proqramın keçirilməsində məqsəd uşaqlara ilkin tibbi yardımla bağlı (başda uşaq həkimləri olmaqla) insanları maarifləndirmək və uşaq ölümlərinin sayını azaltmaqdır. Proqram çərçivəsində həkim və rezidentlərə təməl yaşam dəstəyi, uşaqlarda tənəffüs çatışmazlığı və onun müalicəsi, dərman istifadəsi, uşaqlarda tez-tez rast gəlinən ritm pozğunluğu haqqında məlumat verildi. Kursun rəhbəri professor dr. H. Levent Yılmaz bildirdi ki, xəstə uşaqla qarşılaşdığımız zaman ilk olaraq təcili yardım çağırmalıyıq. “Bununla bərabər xəstəyə müdaxilə etmək də olduqca vacibdir. Əgər düzgün müdaxilə olmasa, bu, uşaqlarda müəyyən fəsad və ağırlaşmalara səbəb ola bilər. Bundan başqa, travmalar, zəhərlənmə halları, suda boğulma kimi bir sıra hallar tənəffüs çatışmazlığına və ölümə gətirib çıxara bilər. Vəziyyəti pis olan uşaqda ilk edəcəyimiz yardım onun hava yollarını açmaqdan ibarətdir”.
Qeyd edək ki, 2 gün ərzində proqram iştirakçılarına dərslər və təcrübələr keçiriləcək. Kursun sonunda uşaqlara təcili tibbi yardım göstərməyi öyrənmək və öyrətmək çərçivəsində birgə işbirliyi reallaşdırılacaq. Məqsəd Azərbaycanda keçirilən bu kursu mütəmadi olaraq təkrarlamaq və təlimlər keçirməkdən ibarətdir.
Sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.