Hər il universitetimizin fakültələrində ənənəvi olaraq Tələbə Elmi Cəmiyyətinin konfransları keçirilir. Stomatologiya fakültəsində TEC-in növbəti XXXXIII konfransı keçirilib.
Xarici dillər bölməsi üzrə konfransı açan Fakültə TEC-in elmi rəhbəri, təşkilat komitəsinin sədr müavini, dosent Ə.Hacıyev ilk öncə erməni hərbi birləşmələrinin sərhədyanı bölgələrdə törətdiyi təxribata toxunub. Və bu qazanılmış qələbəni xalqımızın böyük əhvali-ruhiyyə ilə qarşıladığını bildirib.
Sonra konfrans iştirakçıları torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə kafedranın müəllimi, şairə İradə Rzanın şəhid anaları- na ithaf etdiyi şeir böyük coşquyla qarşılanıb. Sonra söz məruzəçi tələbələrə verilib. Konfransa 25 tələbənin məruzəsi daxil edilsə də, onlardan 23 tələbənin 20 ingilis,1 fransız və 2 alman dili üzrə məruzəsi dinlənildi. Tələbələr məruzələrini sərbəst və səlist dildə etdilər. Diskussiya şəraitində keçən müzakirələr zamanı münsiflər heyətinin gəldiyi nəticələrə görə ingilis dili üzrə I kurs tələbələri Cümşüd Vəlizadə və Arzu Nəsibova, II kurs tələbələri Hafizə Abbaszadə və Afina Süleymanova, alman dili üzrə isə I kurs tələbəsi Zaur Vəlizadə diploma layiq görülərək 2-ci turda iştirak etmək üçün şans qazanıblar. Qalan iştirakçılara isə sertifikatlar təqdim edilib. Konfransın sonunda Ə.Hacıyev xarici dillər kafedrasında TECin işinin yaxşı təşkilinə görə kafedranın müdiri, filologiya elmləri doktoru, professor Z.Məmmədovanın və TEC-in rəhbəri dosent R.Hüseynovanın zəhmətini yüksək qiymətləndirib, məruzəçilərə və onların elmi rəhbərlərinə minnətdarlığını bildirib.
Daha sonra isə ATU–nun Stomatoloji Klinikasınada kliniki bölmə üzrə fakültənin Tələbə Elmi Cəmiyyətinin XXXXIII konfransı keçirildi. Konfransı stomatologiya fakültəsinin dekanı, təşkilat komitəsinin sədri, professor Zöhrab Qarayev açdı. Əvvəlcə torpaqları- mızı azad etmək uğurunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Professor Z.Qarayev tələbə və gənc həkimlərin 1-ci və 2- ci Beynəlxalq tibb konqrenslərində stomatologiya fakültəsi tələbələrinin layiqli yerlər tutduqlarını vurğulayaraq, bu gün ilk addımlarını atan gələcəyin elmi tədqiqatçılarına uğurlar arzuladı. Kliniki bölmədə 11 məruzə dinlənildi. Məruzələrin hamısı kliniki xüsusiyyətli olub stomatologiyanın aktual problemlərinə həsr olunmuşdu. Konfransda terapevtik stomatologiya üzrə 3, ağız və üz- çənə cərrahiyəsi üzrə 3, uşaq stomatologiyası üzrə 3, ortopedik stomatalogiya üzrə 2 məruzə dinlənildi.
Məruzəçi tələbələr hazırlıqlı, məsuliyyət hissi ilə, sərbəst çıxış edərək, kliniki materiallarını əyani surətdə kompyuter görüntüləri ilə nümayiş etdirərək, verilən suallara düzgün cavab verdilər. Münsiflər heyətinin rəyinə əsasən məruzəçilərdən Aytac Qurbanova, Aynur Əhmədova, Günay Sadiqovanın çıxışları fərqlənərək diplomlara, Leyla Paşayeva, Rəhim İsayev, Əminə Aslanlı, Zöhrab Hacıyev, Həsən Həsənli, Fidan Abbasova, Nadir Bağırzadə, Tuğra Musayeva isə sertifikatlara layiq görüldülər. Konfransda professor R.Əliyeva, professor Ç.Rəhimov, t.ü.e.d. A.Səfərov, professor Ə.Talişinski və başqaları məruzəçi tələbələrə müəyyən iradlarını bildirməklə bərabər, lazımi tövsiyə və məsləhətlərini də verdilər. Sonda sədr münsiflər heyətinə, elmi rəhbərlərə və məruzəçilərə uğurlar diləyərək, bölmədə fərqlənən məruzələrin “Tələbə və gənc həkimlərin növbəti Beynəlxalq Tibb konqresi”nə təqdim olunacağını vurğuladı.