.jpg)
İsa Axunbayev adına Qırğızıstan Dövlət Tibb Akademiyasının müəllim və III-IV kurs tələbələrindən ibarət 10 nəfərlik nümayəndə heyəti akademik mübadilə proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) olub.
Ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq çərçivəsində reallaşdırılan səfər qırğızıstanlı mütəxəssislərin tibbi bioetika fənni üzrə müasir metodoloji yanaşmaları mənimsəməsi, yerli təcrübənin öyrənilməsi və nəzəri biliklərin praktik müstəvidə təkmilləşdirilməsi məqsədi ilə təşkil olunub.
Mübadilə dövründə ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Nailə Sultanova, I Daxili xəstəliklər kafedrasının dosenti, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Törə Sadıqova və Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, tibb üzrə fəlsəfə doktoru, dosent Təranə Tağı-zadə qırğızıstanlı müəllim və tələbə heyəti ilə görüş keçiriblər.
Həmçinin T.Tağı-zadənin rəhbərliyi ilə bioetikanın prinsipləri və müasir pediatriyada etik yanaşmaları əhatə edən geniş kurs təşkil olunub, daha sonra tədris proqramı 2 saylı Klinik Uşaq Xəstəxanasında klinik şəraitdə etik normaların tətbiqinə dair ustad dərsləri və mühazirələrin dinlənilməsi ilə davam edib. Reanimasiya və intensiv terapiya bölmələrində xəstələrin idarə olunması prosesi ilə də yaxından tanış olan heyət həkim-pasiyent münasibətlərini praktik izləyib.
ATU-da yeni doğulmuşların reanimasiyası üzrə xüsusi treninqi uğurla başa vuran nümayəndə heyətinə sertifikat və xatirə hədiyyələri verilib.