Heydər Əliyev
Arıqlama iynələri yalnız tibbi nəzarət altında faydalı ola bilər

Arıqlama iynələri yalnız tibbi nəzarət altında faydalı ola bilər

    Son dövrlərdə arıqlama iynələrinə marağın artması cəmiyyətdə həm tibbi, həm də psixoloji baxımdan müzakirə olunan mövzulardan biridir. İnsanların bu vasitələrə müraciət etməsinin müxtəlif səbəbləri var. Bəziləri sağlamlıq problemləri, artıq çəki ilə əlaqəli risklər və həkim tövsiyəsi ilə bu müalicə üsulunu seçir, digərləri isə özlərini daha rahat və yaxşı hiss etmək istədikləri üçün bu yola üz tuturlar. 
    Müasir dövrdə xarici görünüşə verilən önəm, sosial media, ideal bədən standartları və cəmiyyətin gözləntiləri kimi faktorlar insanların öz bədənlərinə münasibətinə təsir göstərir. Xüsusilə qadınlar adətən özlərini müqayisə edir və müəyyən görünüş standartlarına çatmağa çalışırlar. Halbuki, hər insanın bədəni, genetik xüsusiyyətləri və həyat şəraiti fərqlidir. 
    Arıqlama iynələri yalnız tibbi nəzarət altında faydalı ola bilər. Bununla yanaşı, hər bir tibbi müdaxilədə olduğu kimi, burada da mümkün yan təsirlər və fərdi xüsusiyyətlər nəzərə alınmalı, bu qərarlar mütləq həkim məsləhəti ilə həyata keçirilməlidir. Digər tərəfdən, insanın özünü qəbul etməsi ilə sağlam həyat tərzi arasında ziddiyyət yoxdur. İnsan həm özünü olduğu kimi sevə, həm də sağlamlığı üçün müəyyən dəyişikliklər etmək istəyə bilər. Əsas məsələ qərarın başqalarının təzyiqi ilə deyil, insanın öz ehtiyacları və sağlamlığı nəzərə alınmaqla verilməsidir.
    Arıqlama iynəsindən istifadə edən insanları qınamaq, istifadə etməyən insanları isə tənqid etməq də doğru deyil. Hər bir insanın seçiminə, sağlamlıq vəziyyətinə və həyat hekayəsinə hörmətlə yanaşmaq vacibdir. Psixoloji sağlamlığın əsas şərtlərindən biri də məhz insanın özünə qarşı anlayışlı və mərhəmətli münasibət göstərməsidir. 


ATU-nun Tədris Cərrahiyyə Klinikasının psixoloqu, Xarici dillər kafedrasının əməkdaşı İlahə Hacıyeva
 

Paylaş

Dostlarınız ilə paylaşın.