Heydər Əliyev
ATU ilə İordaniya arasında tibb təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

ATU ilə İordaniya arasında tibb təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Tibb Universitetində (ATU) İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ilə görüş keçirilib.

Görüşdə Azərbaycan ilə İordaniya arasında səhiyyə və tibb təhsili sahələrində əməkdaşlığın inkişaf perspektivləri, ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin tədris, elmi və klinik fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri, xarici ali təhsil müəssisələri ilə birgə həyata keçirilən layihələr, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlar barədə ətraflı məlumat verib. O, beynəlxalq akkreditasiyadan keçmiş və yaxın perspektivdə akkreditasiyaya təqdim olunması planlaşdırılan təhsil proqramlarından da bəhs edib.

Rektor, həmçinin beynəlxalq tələbələrin akademik inkişafı, o cümlədən İordaniya vətəndaşlarının ATU-da təhsili, onların təhsil pillələri üzrə bölgüsü, ümumilikdə beynəlxalq tələbələrə təqdim olunan imkanlardan danışaraq, bu istiqamətdə əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş potensialın olduğunu bildirib.

 ATU diplomlarının İordaniyada tanınmasının universitet üçün mühüm üstünlük olduğunu da diqqətə çatdıran rektor bu amilin İordaniyadan tələbə qəbulunun artırılması üçün əlverişli zəmin yaratdığını və bu istiqamətdə səfirliyin dəstəyinin əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verə biləcəyini qeyd edib. 

Səfir Ömər Bərəkət əl-Nahar da Azərbaycan ilə İordaniya arasında dostluq münasibətlərinin tibb təhsili və səhiyyə sahələrində də uğurla inkişaf etdiyini qeyd edib. O, universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, akademik mübadilə proqramlarının təşviqi və birgə layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Ölkəsinin səhiyyə xidmətləri və əczaçılıq sənayesi sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayan səfir İordaniya Universiteti (University of Jordan) ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki tərəf üçün faydalı olacağını və bu istiqamətdə zəruri dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib. 

Maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edən görüşdə universitetlərarası əlaqələrin inkişafı və birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. 

Paylaş

Dostlarınız ilə paylaşın.