Mayın 11-də Azərbaycan Tibb Universitetində (ATU) I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti Nağdəli Zamanovun “Elm və təhsil” nəşriyyatının vəsatəti ilə komissiyaya təqdim olunmuş iki cildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti monoqrafiyasının ictimai müzakirəsi keçirilib.
ATU-nun ictimai fənlər, Azərbaycan dili və nitq mədəniyyəti, xarici dillər və latın dili kafedralarının birgə təşkilatçılığı ilə baş tutan tədbiri fəlsəfə elmləri doktoru, professor Qoşqar Əliyev açaraq təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan dahi bir şəxsiyyətin zənginliyi hər kəsdə heyrət doğuran nitqini araşdırmağın çox məsuliyyətli bir iş olduğunu vurğulayıb. Heydər Əliyev nitqinin bütün çalarlarını, qətiyyətini, səmimiyyətini, müdrikliyini müxtəlif aspektlərdən təhlil edən müəllifin öz məqsədinə nail olduğunu söyləyən professor uzun illərin axtarışına söykənənən və böyük zəhmət bahasına ərsəyə gələn bu monaqrafiyanı dövlət mükafatına təqdim olunmuş ən layiqli bir əsər kimi dəyərləndirib.
Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, dosent Akif Miriyev haqqında 3 məqalə yazdığı bu tədqiqat əsərinin dilçi alimlərin tədqiqatlarından heç də geri qalmadığını, Heydər Əliyev nitqinin qiymətini verə bilən elmi tədqiqat işi olduğunu diqqətə çatdırıb.
Heydər Əliyev nitqini axar bulağa bənzədən epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev bu nəhəng tarixi şəxsiyyət haqqında dilimizin bütün incəliklərinə bələd olan müəllifin qələmindən çıxan “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyasının Dövlət Mükafatına təqdim olunmuş ən layiqli tədqiqat işi olduğunu deyib.
Şair, yazıçı-publisist, Əməkdar jurnalist Eldar İsmayıl XX və XXI əsrin ən böyük dühalarından biri Heydər Əliyevin nitqinin bir məktəb, universitet olduğunu xatırladaraq bildirib ki, belə bir şəxsiyyət haqqında kitab yazan müəllifin içində bir alov, atəş olmalıdır. Universitetimizin dosenti Nağdəli Zamanovun məhz qəlbinin səsi ilə çox böyük zəhmət sərf edərək ortaya qoyduğu bu əsər Dövlət Mükafatına layiq bir əsərdir.
Bu monoqrafiyanın Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, dilçi alimlər tərəfindən də yüksək qiymətləndirildiyinin şahidi olduğunu deyən professor Fəxrəddin Məmmədov tibb sahəsində çalışan Nağdəli Zamanovun dilçilik mədəniyyətinə müraciət etməsini elmimizdə yeni bir hadisə adlandırıb. Təkbaşına az qala bir elmi tədqiqat institunun işini gördüyünü bildirib.
Professor Fərhad Talıbov tarixin bütün dönəmlərində həkimlərin həm də ədəbiyyata meyl göstərməsinə dair nümunələr gətirməklə Nağdəli Zamanovun dilçiliyə müraciət etməsinin təəccüblü olmadığını əsaslandırıb. Bu kitabın yazılmasının ilkin səbəbini Heydər Əliyev şəxsiyyətinə sonsuz sevgi ilə əlaqələndirib.
Heydər Əliyev nitqinə heyranlığını, hələ sovetlər dönəmində onun bütün çıxışlarını izlədiyini dilə gətirən peşəkar jurnalist Əsgər Əsgərov da bu tədqiqat əsərini böyük zəhmətin nəticəsi kimi qiymətləndirib.
Tədbir iştirakçıları çıxışlardakı rəylərlə həmfikir olduqlarını bildirərək N.Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyasının Dövlət Mükafatına layiq görülməsinə yekdilliklə səs veriblər.