Əczaçılıq fakültəsində yekun dövlət attestasiyasına başlanılıb
Azərbaycanın ali təhsil müəssisələrində yekun dövlət attestasiyası 2 formada həyata keçirilir. Bəzi təhsil ocaqlarında dövlət imtahanları, digərlərində isə diplom işlərinin müdafiəsi ilə attestasiya aparılır.
 
Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsində yekun dövlət attestasiyası diplom işlərinin yerinə yetirilməsi və müdafiəsi yolu ilə həyata keçirilir. Bu gündən etibarən buraxılış işlərinin müdafiəsinə start verilib. Obyektiv və aşkarlıq şəraitində keçirilən buraxılış işlərinin müdafiəsini valideynlərin də izləməsi üçün imkanı yaradılıb.
 
Fakültənin dekanı, professor Tahir Süleymanov qeyd edir ki, diplom buraxılış işlərinin müdafiəsinin qiymətləndirilməsi 2 mərhələdə aparılır. Əvvəlcə kafedrada buraxılış işinin rəhbəri və rəyçilər tərəfindən ilkin qiymətləndirmə həyata keçirilir. Burada işlər maksimum 50 bala qədər qiymətləndirilir. İkinci mərhələdə isə dövlət attestasiya komissiyası üzvlərinin qarşısında diplom işinin məzmunu çatdırılır, onların sualları cavablandırılır və bunların əsasında qiymətləndirmə aparılır. Burada da tələbəyə maksimum 50 bal verilə bilər.
 
T.Süleymanovun sözlərinə görə, mərhələlərin hər birində qiymətləndirmə meyarları fərqlidir: “Birinci mərhələdə diplom işinin tərtibatı, tələbənin mövzunu mənimsəməsi, illüstrativ materiallar və s. kimi məsələlərə üstünlük verilirsə, ikinci mərhələdə attestasiya komissiyasının üzvlərinin qarşısında yerinə yetirilən təcrübələr qiymətləndirilir. Bu zaman tələbənin işi nə dərəcədə mənimsədiyinə, suallara hansı səviyyədə cavablandırılmasına diqqət yetirilir”.
 
ATU-nun əczaçılıq fakültəsinin dekanı bildirir ki, imtahan zamanı tələbə işin məzmununu 7-8 dəqiqəlik çıxışı zamanı hərtərəfli izah edə bilməlidir: “Fakültədə buraxılış işləri 5 ixtisas üzrə yerinə yetirilir. Bunlar əczaçılıq işinin təşkili, əczaçılıq texnologiyası, farmakoqnoziya, əczaçılıq kimyası və toksikoloji kimya fənləridir. Yekun dövlət attestasiya komissiyasının tərkibinə göstərilən ixtisasların hər biri üzrə yüksək səviyyəli mütəxəssislər daxil edilib”.
 
Qeyd edək ki, bu il ATU-nun əczaçılıq fakültəsini 91 nəfər tələbə bitirməlidir. Onlardan 13-nün akademik borcu olduğundan, yekun dövlət attestasiyasına buraxılmayacaqlar. Rektorun əmrinə əsasən, 78 nəfər buraxılış işlərinin müdafiəsində iştirak edir. Buraxılış işlərinin müdafiəsinin hər gün 10 nəfər olmaqla, 8 gün ərzində aparılacağı planlaşdırılır.