Bu gün ABŞ-ın Viskossin ştatının La Crosse universitetinin professoru Robert Jecklin Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rəhimə Qabulova ilə görüşdə universitetlər arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Professor Jecklin dünyanın bir çox ölkələrində mövcud olan ictimai səhiyyə proqramının özəlliklərindən danışıb, ictimai səhiyyənin inkişaf yollarından söz açıb. Amerikalı professor Azərbaycan səhiyyəsi üçün aktual olan sahələr, o cümlədən epidemiologiyanın inkişafı naminə birgə layihələrin işlənib hazırlanıb işlənməsinə hazır olduğunu bildirib.
Öz növbəsində, prorektor Rəhimə Qabulova da ATU-da bu sahədə mövcud olan praktika haqqında məlumat verib. Onun sözlərinə görə, ictimai səhiyyə proqramı sahəsində xarici ölkələrdə təhsil almış yüksək ixtisaslı azərbaycanlı kadrlar var, lakin onların təlim-tədris prosesinə daha yaxından cəlb edilməsinə ehtiyac duyulur. Xanım prorektor bildirib ki, bu sahədə yeni kadrların yetişdirilməsi üçün mübadilə proqramları çərçivəsində Azərbaycan gənclərinin Avropa universitetləri ilə yanaşı, həm də ABŞ-da təhsil almasında, həm də amerikalı mütəxəssislərin ATU-da ixtisaslaşmış təlimlər aparmasında maraqlıyıq.
Görüş zamanı bu sahədə qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə olunub, bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edilib.
Görüşdə ATU-nun xarici tələbələrlə iş üzrə dekanı dosent İsmayıl Əfəndiyev, ATU-nun beynəlxalq əlaqələr üzrə şöbə müdiri Nadir Zeynalov, ATU-nun patoloji anatomiya kafedrasının baş müəllimi Müşfiq Orucov da iştirak ediblər.