Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasının dosenti Gülnarə İbrahimova bu ilin mayında Türkiyədə 20 günlük ezamiyyətdə olub. O, Konya bölgəsindəki Selcuk Universitetinin tibb fakültəsinin patologiya kafedrasında (patoloji anabilim dalı) öz bilik və bacarıqlarını artırıb.
Səfər zamanı G.İbrahimova tibb fakültəsinin dekanı ilə görüşüb. ATU-nun nümayəndəsi fakültənin dosenti Dr.Pınar Karabaglı ilə birlikdə çalışıb, ondan patologiya kafedrasında tələbələrlə iş, dərs keçmək qaydalarını öyrənib.
G.İbrahimovanın sözlərinə görə, Azərbaycan Tibb Universitetində tədris sistemi Selçuk universitetinin tibb fakültəsində mövcud qaydalardan çox fərqlənir: “Mən universitetin fiziologiya, fiziopatologiya və patologiya kafedralarında III kurs tələbələrinin mühazirələrində və praktik məşğələlərində iştirak etdim. Ezamiyyət müddətində dosent Dr.Serdar Altınayın, Dr.Serdar Gergerlioglunun, Dr. Pınar Karabaglının, Dr.Zeliha Ehsin Çelikin böyrəyin fiziopatologiyasına və patologiyasına həsr olunmuş mühazirələrdə iştirak etdim. Patologiya kafedrasında həm xəstələr, həm də tələbələrlə işləyərək öz işimdə, ölkəmizdə tətbiq edə biləcəyimiz məsələləri araşdırmağa çalışdım”.
Türkiyə səfəri zamanı ATU nümayəndəsi Gülnarə İbrahimova həmçinin Çukurova Universiteti Tibb fakültəsinin Patologiya kafedrasında Dr. Derya Gümürdülünün KHDAK (kiçik hüceyrəli dışı ağciyər xərçəngi) haqqında və xəstəliyin xalkori preparatı ilə müalicəsi mövzusunda toplantıda iştirak edib. Ezamiyyətimin sonunda G.İbrahimova patologiya kafedrasının rəhbəri prof. Dr. Nevzar Serdar Uğraş tərəfindən müvafiq sənəd alıb.