Sağlam Təhsil - Sağlam Millət layihəsinin işçi qrupunun üzvləri ilə müzakirə aparılıb.
Avqust ayının 8-də Təhsil Nazirliyində "Sağlam Təhsil - Sağlam Millət" layihəsinin işçi qrupunun üzvləri, Azərbaycan Dövlət Pedaqoji Universiteti , Azərbaycan Tibb Universiteti və “Azərbaycan” Universitetinin əməkdaşları ilə görüş keçirildi.
Görüşün məqsədi - pedaqoji kadrların hazırlanmasının Sağlam Təhsil prinsiplərinə cavab verməsi üçün tədbirlər planının ilkin müzakirəsi olub. Görüşdə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Universitetin elmi katibi, STSM layihəsinin tibbi-gigiyenik blokunun rəhbəri , professor Hüseyn Qabulov, Tədris-metodik innovasiyalar şöbəsinin müdiri, professor Akif Qurbanov, Tibbi profilaktika fakültəsinin dekanı , dosent Aydın Məmmədov, "Uşaq və yeniyetmələrin gigiyenası" kafedrasının dosenti Nigar Süleymanzdə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris-metodika şöbəsinin müdiri Sənan Əliyev və universitetin əməkdaşı Şəhla Əhmədova, “Azərbaycan” Universitetinin rektoru Fərid Əhmədov , Milli Təhsil Texnologiyaları Mərkəzinin sədri Şamil Süleymanlı, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin, Pilot layihələrlə İş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova, “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin koordinatoru Nigar Şahhüseynbəyova, layihənin Psixologiya blokunun rəhbəri, Psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova, Gender blokunun rəhbəri Şəhla İsmayıl iştirak ediblər.
Təhsil Nazirlyinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsi çərçivəsində üç il ərzində görülmüş işlər, aparılan tədqiqatlar və gəlinən nəticələrdən danışıldı. Layihənin tətbiqi zamanı rast gəlinən problemlər diqqətə çatdırıldı, bu sırada pedaqoji kadrların hazırlığında mövcud boşluqlardan söz açıldı. Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətinin yüksəldilməsinə nail olmaq üçün müəllim hazırlığına dair STSM layihəsinin işçi qrupu tərəfindən təkliflər verildi. Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tibb Universitetinin əməkdaşlığı və layihə ilə birgəfəaliyyət imkanları müzakirə edildi. Belə əməkdaşlığın təşkili yolları üzərində düşünüldü. Növbəti mərhələdə ayrı-ayrı məsələlər üzrə birgə fəaliyyət planının işlənib hazırlanması nəzərdə tutulur.