İraq diplomatı Azərbaycan Tibb Universitetində qonaq olub

 

İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Əl-Şuveyli Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.
 
Universitetin rəhbər nümayəndələri ilə görüş zamanı Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ATU-da təhsil alan əcnəbi tələbələrlə bağlı qonağa ətraflı məlumat verib. Rektor ATU-da təhsil alan xarici ölkə gəncləri arasında İraqdan olan tələbələrin xüsusi fərqləndiyini də bildirib.
 
Qeyd olunub ki, İraq hökumətinin avqustun 21-də verdiyi qərara əsasən, artıq Azərbaycan Tibb Universitetinin diplomları həmin ölkədə tamhüquqlu təhsil sənədi kimi qəbul ediləcək. Fadil Əl-Şuveyli bu qərarı dəstəklədiyini bildirib və iraqlı tələbələrin Azərbaycanda yüksək təhsil aldıqlarından, lazımi biliklərə yiyələndiklərindən məmnunluğunu bildirib. İraq rəsmisi ATU-da təhsil alan iraqlı tələbələrə qarşı çox yaxşı münasibətin olduğunu da vurğulayıb.
 
Görüş zamanı Azərbaycan və İraq arasında olan dostluq münasibətlərinin təhsil müstəvisində də davam etdirildiyi, Tibb Universiteti ilə mövcud əməkdaşlığın buna bariz nümunə olduğu vurğulanıb. Gələcəkdə bu istiqamətdə görülən işlərin davam etdiriləcəyi qeyd olunub.