Bu il Azərbaycan Tibb Universitetinə (ATU) xarici tələbələrin qəbulu rekord səviyyədə olub. Belə ki, hazırlıq şöbəsinə 15 sentyabr tarixinə artıq 300 nəfərdən çox, 30 nəfər birbaşa I kursa, 10 nəfər rezidenturaya, 1 nəfər isə magistraturaya qəbul olub, hətta təhsil haqqlarını artıq tam ödəyiblər.
ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyevin sözlərinə görə, bu cür qəbulun olması bir tərəfdən bu təhsil ocağının dünyada olan hörmətindən irəli gəlir. Məsələn, görülən iş nəticəsində İraq dövləti rəsmi olaraq ATU-nun diplomunu tanıyır: “Həmin iş İran, Türkiyə və s. ölkələrdə də gedir. Bu istiqamətdə də biz bir sıra nailiyyətlərə müvəffəq olmuşuq. Nəinki qonşu ölkələrdə, həmçinin iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə, məsələn Amerika, İsveçrə, Finlandiyadan bizə bu il artıq tələbələr qəbul olub”.
İ. Əfəndiyev həmçinin qeyd edib ki, bu işdə ATU-nun üzərinə böyük məsuliyyət düşür: “Xarici tələbələrin çoxu ingilis dilində təhsil alır. Biz də bu məsuliyyəti dərk edərək, ATU-nun əməkdaşları üçün xarici dillər kafedrasında xüsusi dil təkmilləşdirmə kursları təşkil etmişik. Artıq 30 nəfər müəllim o kurslardan keçib, müəyyən sertifikartlar alacaqlar”.
Qeyd edək ki, Təhsil Nazirliyinin icazəsi ilə I kursa xarici tələbələrin qəbulu sentyabr ayının 30-na kimi davam edəcək. Sənədlərin qəbulu üçün notarial qaydada möhür vurulmuş xaricdə olan təhsil sənədi, qüvvədə olan xarici pasport və bəzi ölkə səfirliklərindən alınan müəyyən sənədlər tələb olunur.