Prezident İlham Əliyev Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. İki aya yaxındır ki, ölkə ictimaiyyəti tərəfindən Konstitusiyaya dəyişiklik və əlavələr geniş müzakirəyə səbəb olub.
Sentyabrın 17-də bununla bağlı Azərbaycan Tibb Universitetinin (ATU) müəllim-tələbə heyətinin iştirakı ilə geniş toplantı keçirilib. Toplantını giriş sözü ilə açan universitetin tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev Konstutusiyada ediləcək dəyişikliklər və əlavələr ilə əlaqədar geniş məlumat verib və bunun əhəmiyyətinə toxunub.
Bildirib ki, dövrün və zamanın tələblərinə uyğun olaraq Konstitusiyda 23 maddədə dəyişiklik nəzərdə tutulur və 6 maddə isə əlavə ediləcəkdir: “Mövcud siyasi və iqtisadi təkamüllə əlaqədar olaraq bütün inkişaf etmiş ölkələrin konstitusiyalarında dəyişikliklər və əlavələr edilir. Bizim ölkəmizdə də bu zərurət meydana gəldiyi üçün belə bir addım atmağa ehtiyac yaranıb. Konstitusiyada insan azadlıqları və huquqlarını əhatə edən müddəalar dəyişikliklərin 60, idarəçilik ilə bağlı olan dəyişikliklər isə 40 faizini təşkil edir”.
Prorektor ölkəmizin bu gün müstqəilliyə gedən yolda ciddi addımlarla irəliləməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Hələ sovetlər zamanında Azərbaycan SSR Konstitusiyasının qəbulu zamanı ora bir sıra müddəaların salınması zamanı ulu öndərin mərkəzi Moskva tərəfindən ciddi maneələr və təzyiqlərlə üzləşdiyini bildirib. Qeyd edib ki, müstəqillik atriburlarından hesab edilən ana dilinin - Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi məhz ulu öndərin təklifi və nüfuzu sayəsində 1978-ci ildə Konstitusiyaya salınıb.
S.Əliyev idaretmədə vitse prezidentlik institutunun təsisi məsələsinə toxunaraq bildirib ki, bu, idarəetmənin təkmilləşməsi ilə yanaşı, həm də Prezidentin sığortalanmasına xidmət edir.
Əvvəl ölkə başçısı təkcə Silahlı Qüvvələrin Ali Baş Komandanı hesab olunurdusa, dəyişiklikdən sonra bütün silahlı qüvvələrə (sərhəd, fövqəladə, DİN-in tərkibindəki Daxili Qoşunlara və s.) rəhbərlik edəcək.
Parlamentə seçilmək hüququnda yaş həddinin 21-dən 18-ə endirilməsini demokratiyaya xidmət edən amil kimi dəyərləndirən S. Əliyev bu və digər məqamlarla bağlı dəyişikliklər və əlavələrin zəruriliyinə toxunaraq bu dəyişikliyin ölkənin siyasi, iqtisadi, mədəni həyatında ciddi dəyişikliklərə səbəb olacağına, ölkəmizdə demokratiyanın və süverenliyimizin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini diqqətə çatdırdı. Bütün müəllim və tələbələri ümumxalq səsverməsində iştirak etməyə dəvət etdi.
Sonra ictimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev çıxış edib. Kafedra müdiri Azərbaycan dövlətinin qəbul etdiyi Konstitusiyalar tarixinə geniş şəkldə toxunaraq, bu günkü dövrə qədər edilmiş əlavə və dəyişikliklərdən danışıb. Bir sıra inkişaf etmiş ölkələrin konstitusiyalarında edilmiş dəyişikliklərlə Azərbaycan Respublikası Konstitusiyalarında edilmiş dəyişiklik və əlavələrin müqayisəsini aparıb.
Q.Əliyev də bu əlavə və dəyişikliklərin ölkə həyatının inkişafında ciddi əhəmiyyəti olduğunu vurğulayaraq, müəlim və tələbələri referendumda iştirak etməyə dəvət edib.
Toplantı geniş diskussiya və sual-cavab əsasında öz işini başa çatdırıb.