ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Total tiroidektomiya” – qalxanvari vəzin tamamilə çıxarılması üzrə uğurlu əməliyyat icra olunub. Bir il əvvəl 31 yaşlı qadın xəstə “Toksiki zob-qreys” diaqnozu ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Bu müddət ərzində aparılan müalicəyə baxmayaraq, vəzdə toksikliyi aşağı salmaq mümkün olmayıb. Son müalicədən sonra xəstəyə cərrahiyyə əməliyyatı təklif olunub.
Bu yaxınlarda xəstə Tədris Cərrahiyyə Klinikasında “Total tiroidektomiya” əməliyyatı olunub. Əməliyyat Klinikanın I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, Türkiyə cərrahi dərnəyinin üzvi, cərrah-endokrinoloq Azər Hümmətov tərəfindən sinir cihazının müşayiəti ilə icra edilib.
Cərrah A.Hümmətov qeyd edir ki, “Total tiroidektomiya” əməliyyatının daha təhlükəsiz keçməsi, eyni zamanda sinir tellərinə zərər verməmək üçün sinir cihazından istifadə olunur: “Xəstədə saxlanılmış vəz toxuması müəyyən müddətdən sonra xəstəliyin təkrarlanmasına səbəb olur. Biz vəz toxumasını tam xaric edirik ki, təkrar əmələ gəlməsin. Sinir cihazı isə bizə toxumanı tam təhlükəsiz, bütöv çıxartmağa şərait yaradır”.
Dr. Azər Hümmətovun sözlərinə görə, artıq xəstə evə yazılıb. Ona müvafiq əvəzedici hormon, eyni zamanda əməliyyatdan çıxan toxumanın həcminə uyğun olaraq dərman müalicəsi yazılıb. Xəstə 1 ay sonra təkrar müayinəyə gəldikdə, TSH göstəricisinə uyğun olaraq dərmanın dozası təyin olunacaq.”