Tibb Universiteti ilə Türk Şurası arasında əməkdaşlıq haqqında müzakirələr aparılıb
Sentyabrın 23-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyəti ATU-da qonaq olub, universitet rəhbərliyi ilə görüşüblər. Görüşün məqsədi Türk Şurası və Azərbaycan Tibb Universiteti arasında qarşılıqlı əlaqələrin qurulması, mütəxəssis-tələbə mübadilələrinin reallaşdırılması işinin təşkilindən ibarətdir.
 
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova ilə keçirilən görüşdə Türk Şurası Baş katibinin müavini Ömer Kocaman Tibb Universiteti ilə bir çox sahələrdə əməkdaşlıq etmək, birgə tədbirlər keçirmək istəyində olduqlarını açıqladı. Onun sözlərinə görə, bu səfər qarşılıqlı əməkdaşlıq planının qurulması baxımından ilkin addım olacaq.
 
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova qonaqları salamladıqdan sonra universitetin fəaliyyəti, tədris və təhsil sistemi, müəssisənin tərkibindəki klinikalar haqqında ətraflı məlumat verdi. ATU-nun Tədris-hissə müdiri Nəsimi Qasımov hər il onlarla tələbənin Türkiyədə, yüzlərlə tələbənin isə müxtəlif xarici ölkələrdə ixtisaslarını artırdığını bildirdi. N.Qasımov gələcəkdə Azərbaycan və Türkiyə tibb universitetləri arasında ikili diplom sisteminin tətbiqinin önəmli olacağını da qeyd etdi.
 
ATU-nun İnnovasiya şöbəsinin müdiri Akif Qurbanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalovun da iştirak etdiyi görüşdə ölkəmizdə tibb təhsili sistemi, bu sahədə dövlət standartları, həmçinin Erasmus Mundus, Mövlanə Mübadilə proqramları, onların icrası ilə bağlı mövcud durum haqqında müzakirələr aparıldı.