Bu gün Azərbaycan Tibb Universitetində (ATU) elmi işlərin müzakirəsinə həsr olunmuş tədbir keçirildi. ATU rektoru, professor Gəray Gəraybəyli giriş nitqində tədbir iştirakçılarına qarşıda duran məsələr haqqında qısa məlumat verdi. Rektor əsas məsələrdən biri kimi Ali Attestasiya zamanı elmi rəhbərlərin maksimum 5 dissertantı olacağını bildirdi.
Toplantıda elmi işlə məşğul olan əməkdaşların xarici dil üzrə minimum İELTS səviyyəsinə malik olması ilə bağlı tələb qoyulması təklif edildi. Qeyd olundu ki, son illər ATU-da təhsil almaq istəyən xarici tələbələrin sayı çoxalıb və bu baxımdan dil bilən müəllimlərə təlabat olduqca çoxdu. Digər təklif elmi mövzuların planlaşdırılması, o cümlədən elmi işlərin hazırlanması zamanı ATU-nun laboratoriyalarından istifadə ilə bağlı idi. Bu zaman Universitetin tədqiqat laboratoriyalarından, klinikalarından istifadə edilməsi təklifi irəli sürüldü.
ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov Azərbaycan Prezidentinin 9 avqust 2016-cı il tarixli “Elm haqqında qanunun tətbiqinə dair” fərmanına əsaslanaraq bir sıra təkliflərlə çıxış etdi. Elmi araşdırmalar üçün impakt faktor və istinad indeksinin tətbiqinin əhəmiyyətini vurğuladı. Daha sonra irəli sürülən təkliflərlə bağlı müzakirələr aparıldı.